“Milli ilə 50 oyuna çıxmaq mənim üçün statistikadan daha çox məna kəsb edir. Bu, 25 illik məşq, fədakarlıq, özümlə mübarizə və davamlı olaraq inkişaf etmək arzusudur”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisində 50-ci oyunu barədə sosial şəbəkə hesabında yazıb. O, daha sonra belə davam edib:
“Bilirəm ki, məndən daha yaxşı oyunçular var ki, bu komandada əllidən az oyunda iştirak ediblər. Ona görə bu rəqəmi daha böyük qürur və minnətdarlıqla daşıyıram. Ailəmə, dostlarıma, məşqçilərimə, komanda yoldaşlarıma və azarkeşlərə çətin anlarda dəstək olduqları üçün təşəkkür edirəm”.
Yankoviç 2016-cı ildən Monteneqro millisində çıxış edir. O, millidə keçirdiyi 50 oyunda 2 qol vurub.

