20 İyun 2026
Ölkə futbolu

“Futbol yalnız müdafiədən ibarət deyil, hücum etmək də lazımdır” – Füzuli Məmmədov

“İslandiyaya qarşı ilk oyunda acı məğlubiyyət almışdıq. İndi isə onlarla evdə qarşılaşacağıq. Baş məşqçi dəyişikliyindən sonra komandamızda fərq açıq şəkildə hiss olunur. Millimiz daha döyüşkən, daha istəkli bir komandaya çevrilib. Son oyunlardakı çıxışımız İslandiyaya qarşı yaxşı nəticə qazanacağımıza ümid yaradır”.

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı məşqçi Füzuli Məmmədov dünya çempionatı seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İslandiya görüşü barədə danışarkən deyib.

O, daha sonra belə davam edib:

“Təbii ki, rəqib güclüdür. Onlar bu görüşdə qalib gəlib, Ukrayna ilə dünya çempionatına getmək üçün final matçına çıxmaq istəyəcəklər. Amma buna baxmayaraq, mən millimizin gücünə inanıram. Komandamızın ən azı bir xal qazanacağını düşünürəm. Hətta rəqibin irəli atılmasından istifadə edib, 3 xal da əldə edə bilərik.”

Məmmədov İslandiyaya qarşı yalnız müdafiə oynamamalı, hücumu da düşünməli olduğumuzu vurğulayıb:

“Bu matçda qapalı oynamalı və yaranan fürsətlərdən maksimum yararlanmalıyıq. Ayxan müəllim yalnız müdafiə futbolu oynatmır — lazım olanda yaxşı müdafiə olunur, fürsət yarandıqda isə hücum futbolu sərgiləyir. Amma unutmamalıyıq ki, bizim milli komanda rəqiblərdən fərqlidir. Biz daha çox müdafiəyə əsaslanmalı, əzmkar və döyüşkən oyun göstərməliyik.

Sürətli əks-hücumlarla rəqibi cəzalandıra bilərik. Səhvləri minimuma endirməliyik, çünki rəqibin heyətində hər xırda səhvdən yararlana bilən futbolçular var. Xüsusilə standart vəziyyətlərdə diqqətli olmalıyıq. Bu oyunda bütün komandanın sistemli və planlı şəkildə müdafiə olunması vacibdir. Amma müdafiə ilə yanaşı, hücumu da düşünməliyik. Topu qazandıqdan sonra rəqibi çətin vəziyyətə salmaq lazımdır. Çünki futbol yalnız müdafiədən ibarət deyil, hücum etmək də önəmlidir.”

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43