İmişli şəhər stadionu baxımsız vəziyyətdə qalıb.
İdmanxeber.az-a verilən məlumata görə, arenanın ot örtüyü ilə yanaşı, paltardəyişmə otaqları, hamam və tualeti bərbad durumdadır. Stadionda heç bir təmir işləri də aparılmır.
Maraqlıdır ki, Premyer Liqada mübarizə aparan “İmişli” klubu ev oyunlarını doğma meydanda keçirmək niyyətində olduğunu bildirir. Ancaq rəhbərlik şəhər stadionu ilə bağlı heç bir addım atmır.
Arena klubun balansında olmadığı üçün “İmişli” rəhbərliyi stadiona vəsait ayırmaq niyyətində deyil. İllərdir davam edən problem heç cür həllini tapmır.
Ümumiyyətlə, problemlə bağlı klub tərəfindən hər hansı bir ciddi səy göstərilmir. Rəhbərlik sanki klubun İmişlini təmsil etdiyini unudub.
AFFA-nın kluba verdiyi bir illik möhlətdən istifadə edən bölgə təmsilçisi cari mövsüm ev oyunlarını Qubada keçirir. Bölgə klubu əgər Premyer Liqada qalsa, komandanın növbəti mövsüm də İmişliyə yollanacağı inandırıcı görünmür.

