23 İyul 2026
Ölkə futbolu

“Elə bildik ki, oyunun taleyi həll olunub” – Emin Mahmudov

“Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”suna 2:4 hesabı ilə uduzduqları matçdan sonra məğlubiyyətin səbəblərini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, o, komandanın oyuna yaxşı başladığını, lakin 2:0 hesabı ilə önə keçdikdən sonra nəzarəti əldən verdiyini bildirib:

“Neçənci dəfədir belə halla üzləşirik. Oyuna yaxşı başlayırıq, sonra isə nə baş verdiyini bilmirik. Boşluqlar veririk, arxayınlaşırıq və oyuna nəzarəti itiririk. Azarkeşlərimiz möhtəşəm idilər. Onları məyus etdiyimiz üçün üzr istəyirəm.”

Təcrübəli yarımmüdafiəçi matçın qırılma nöqtəsinin məhz 2:0 hesabından sonra yaşandığını vurğulayıb:

“Elə bildik ki, oyunun taleyi həll olunub. Üçüncü qolu vura bilmədik, əvəzində rəqib geri dönüş etdi. Amma hələ heç nə bitməyib. Azarkeşlər də bizə inanırlar. Bu inamı cavab oyununda meydanda göstərməliyik.”

Kapitan matçdan sonra Rza Cəfərovla azarkeşlər arasında yaşanan gərginliyə də münasibət bildirib:

“Olur belə hallar. Komanda uduzanda məyusluq yaşanır. Amma elə orada da həll etdik, problem yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43