Noyabrın 21-də AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda bır sıra qərarlar qəbul edilib və bəzi komandalara pul cəzası verilib.
Ancaq komitənin qəbul etdiyi bir qərar var ki, anlaşılmaz olaraq qalıb və müzakirələrə səbəb olub.
Söhbət 23.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş qadağan olunmamış əşyalar stadiona buraxılmadığına görə ev sahibi komandaya xəbərdarlıq edilməsindən gedir.
İK oyundan öncə sosial şəbəkələrdə yayılmış məlumatlara görə belə bir qərar verib. İddiaya görə, “Sabah” klubu azarkeşlərin stadiona gətirdiyi su və digər qida məhsullarını arenaya buraxmayıb. Buna görə də kluba xəbərdarlıq edilib.
Məsələyə münasibət bildirməsi üçün İntizam Komitəsinin sədri Erkin Hüseynovla əlaqə saxladıq. O, İdmanxeber.az saytına “Sabah” klubu barədə yazılanların doğru olmadığını açıqlayıb:
“Stadiona suyun buraxılmaması məsələsi araşdırıldı. İddialar doğru deyil. Qapağı açmaq şərti ilə azarkeşlər suyu stadiona keçirməlidir və belə də olub. Heç kimin əlindən suyu alınmayıb. Kluba xəbərdarlıq bunun üçün edilib ki, digərlərini də mesaj olsun. Çünki bu qərarlara başqa klublar da baxır. Əgər onlarda da bənzər problem varsa, aradan qaldıracaqlar.
O ki qaldı qida məhsullarının stadiona buraxılmamasına bu, artıq klubun daxili məsələsidir. Hər klubun öz əsasnaməsi var. Avropada da belə hallar olur. Klublar bəzən qida məhsullarını stadiona buraxmır. İstəyən tətbiq edir, istəməyən yox”.
Həsən Quluzadə

