Kateqoriyasız

Azərbaycanlı güləşçi dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rumıniyalı Denis Mihay ilə üz-üzə gəlib. Rəqibinə 6:1 hesabıyla qalib gələn Quluzadə dünya çempionu olub.

Bu gün yığma üzvlərindən Xasay Həsənli (77 kq) və Laçın Vəliyev (87 kq) də bürünc medal görüşünə çıxıblar. Laçın Vəliyev koreyalı Donqyun Yuna 9:0 hesabıyla qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb. Xasay Həsənli isə moldovalı Aleksandrin Qutuya 5:11 hesabıyla məğlub olub.

Bu gün həm də Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib. 67 kiloqram çəki dərəcəsində yer alan Kənan Abdullazadə yarımfinalda qazaxıstanlı Məhəmməd Qoşqara 9:2 hesabıyla qalib gəlib. Qurban Qurbanov (72 kq) isə ukraynalı İrfan Mirzoyevi 5:0 hesabıyla yenib. Yarımfinaldakı digər təmsilçimiz Nihat Məmmədli (60 kq) iranlı Səid Murad İsmailiyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.

Kənan finalda gürcüstanlı Nika Broladze ilə, Qurban moldovalı Aleksandru Solovey ilə güləşəcək. Medallar uğrunda həlledici görüşlər sabah baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43