23 İyun 2026
Ölkə futbolu

“Futbolçulardakı motivasiya onu göstərir ki, millimiz İslandiya oyunundan xal qazana bilər”

“İslandiya ilə ilk oyun fərqli baş məşqçi dövründə keçirilmişdi. Düşünürəm ki, bu günün futbolunda istənilən rəqibdən xal almaq mümkündür. Bunun üçün meydanda olan futbolçuların baş məşqçinin tapşırıqlarını düzgün şəkildə yerinə yetirməsi vacibdir. Ayxan Abbasov milliyə gətirildikdən sonra komandanın göstərdiyi oyun üslubu və futbolçulardakı motivasiya onu göstərir ki, millimiz İslandiyaya qarşı da xal qazana bilər”.

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı məşqçi Adil Şükürov dünya çempionatı seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İslandiya görüşü barədə danışarkən deyib.

O, daha sonra belə davam edib:

“İlk oyundakı məğlubiyyəti unudub, qarşıdakı görüşə fokuslanmaq lazımdır. Həmin oyunda buraxılan səhvləri və rəqibin üstün cəhətlərini analiz edərək nəticə çıxarmaq vacibdir. Daha sonra isə rəqibin zəif tərəflərini müəyyənləşdirib onlardan düzgün istifadə etməklə istənilən nəticəyə nail olmaq mümkündür. Ayxan Abbasovun formalaşdırdığı oyun üslubu İslandiya yığmasına qarşı müsbət nəticə gətirə biləcək potensiala malikdir.

Onun özünəməxsus oyun fəlsəfəsi var. Bu cür taktiki üslubdan daha çox italiyalı futbol mütəxəssisləri istifadə ediblər. İtaliya millisinin bu oyun tərzi ilə dörd dəfə dünya çempionu olduğunu xatırlatmaq kifayətdir. Yəni istənilən oyun üslubu ilə uğur qazanmaq mümkündür – əsas məsələ həmin üsluba uyğun futbolçuların mövcudluğudur”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43