Müsahibə

İlqar Nadiri: “Azarkeşlər bizim hər şeyimizdir” (MÜSAHİBƏ – İKİNCİ HİSSƏ)

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadirinin İdmanxeber.az-a müsahibəsinin ikinci hissəsini sizə təqdim edirik:

– “Şamaxı” və “Sumqayıt” üzərindəki qələbələrdən sonra futbolçulara, məşqçilər heyətinə  yaxşı mükafat verilib. Belə bir jestinizdən sonra da bu cür açıqlamalar olmasını necə qarşılayarasınız. Sanki komandada heç cür sular durulmur…

– Mən Gəncədə doğulmuşam. Bu klubun oyunlarına burada rəhbər olmadan öncə də gəlib baxırdım. Hər zaman stadionun tribunalarında olmuşam. “Kəpəz” mənim üçün həmişə maraqlı olub. Bu gün burdayamsa, komanda üçün əlimdən gələnin ən yaxşısını etməliyəm. “Kəpəz” Gəncənin simvollarından biridir. Mən də çalışıram ki, öz işimi görüm. Komandaya olan sevgimə görə var gücümlə faydalı olmaq niyyətindəyəm.

– Yəni uğurlu bir iş adamı kimi özünüzə yönəlik bu iddalardan narahat deyilsiniz? Bunların nüfuzunuza xələl gətirməsi sizi qorxutmur?

– Dediyim kimi, əsassız olanları çox da ciddiyə almırıq. Amma kimsə haqlı bir irad bildirərsə, ona dərhal diqqət edirik. Çalışırıq ki, bacardığımız qədər neqativ halları aradan qaldıraq. Amma kimsə heç bir sübutu, dəlili olmadan nəsə deyirsə, bu barədə çox danışmağa ehtiyac duymuruq.

– Sponsor məsələsinə qayıdası olsaq, bu gün konkret real təkliflər var?

– Danışıqlar davam edir. Bir neçə şəxslə davamlı əlaqadəyik. Bəzən olur ki, danışıqlar davam etdikdən bir müddət sonra həmin adamların sponsorluqdan daha çox əməkdaşlıq kimi düşündüyü hiss olunur. Ona görə məsələ tamamlanmır. Artıq bir neçə böyük şirkətlərlə danışıqlar gedir. Mövsümün əvvəlindən bu əlaqələr var. Hər keçən gün də maraqlanan şirkətlərin sayı artır. Görüşürük, danışırıq. Sponsor tapılması uzun çəkən bir prossesdir. Ola bilər ki, bu mövsüm tapa bilmərik, amma növbəti mövsümdə bir neçə sponsor kluba cəlb olunar. Təbii ki, burada komandanın çıxışından da çox şey asılıdır. Yaradılan infrastuktur da gələcək sponsorlara ümid verə bilər. Ola bilər ki, akademiyaya baxıb bəlkə də həvəslənə bilərlər. Düşünərlər ki, uşaq futboluna yatırım edib, gələcəkdə yeni futbolçuların yetişməsinə nail ola bilərlər.

– Stadionla bağlı son durum nə yerdədir?

– Konkret olaraq nəticə yoxdur. Amma bir neçə yollarla yeni stadion məsələsi gündəmdədir. Hansının reallaşacağı bilinmir. Hazırda biz də nə kimi bir yenilik olacağını gözləyirik.

– Ümumiyyətlə, sanki “Kəpəz”ə çox da diqqət ayırılmır. Məsələn, Şamaxıda icra başçısı davamlı dəstək olur, tovuzlu iş adamı komandaya sahib çıxdı. Ancaq “Kəpəz” elə bil ortada qalıb…

– Bəli, bu şeylər məni yorur. Açıq deyirəm. Amma burda olduğum müddətcə əlimdən gələni etməliyəm. Düzdür, gələcəkdə nələr olacağını bilmirəm. Amma məqsəd qoymuşuq ki, komandanı bir yerə çıxardaq. Hər halda rəhbərlik ediriksə, sona qədər də arxasında durmalıyıq. Ola bilər ki, yeni sponsorlar gələ bilər. Amma bu gün mən burdayam. Neçə illərdir çətin vəziyyətdir. Artıq öyrəşmişəm. Bu mövsüm də bizim üçün çox ağır oldu. Diviziondan tez bir zamanda Premyer Liqaya yüksəldik. Dəstəksiz şəkildə çempionata başladıq. 3 aya yaxın bir müddətdə kluba heç maliyyə yardımı olmadı. Dövlət tərəfindən müəyyən yardımlar da üç aydan sonra başladı. Həmin dövrdə komanda formalaşdırmaq, yeni oyunçular heyətə cəlb etmək lazım idi. Çox ağır bir prosedurdan keçdik. Artıq bunlar geridə qalıb. Səbrsizliklə buradakı infrasturkturun hazır olmasını gözləyirik. İnanıram ki, bundan daha asan keçən mövsümlərimiz olacaq. Ancaq bəzi şeyləri əlavə edim ki, Gəncənin icra başçısı Niyaz Bayramov klubla davamlı əlaqədədir. Oyunlara gəlir, buradakı təmir işləri ilə maraqlanır. Bilirsiniz ki, “Kəpəz” mövsümün əvvəlində Gəncədə çıxış etmirdi. Komandanın bura qayıtmasında bizlə bərabər onun da əməyi, dəstəyi oldu.

– Klub rəsmiləri adətən hakimliklə bağlı danışmağı çox sevmirlər. Ancaq sosial şəbəkələrdə “Kəpəz” azarkeşlərinin belə desək, üsyanı var. Buna münasibətini necədir? Hakim səhvələri sizə necə təsir edir?

– Əlbəttə ki, bizə pis təsir edir. Birbaşa komandanın mövqeyinə təsir edən qərarlar var. Bu gün həmin səhvlərə baxanda görürük ki, komanda bir neçə xaldan məhrum olub. Halbuki həmin xallar olsaydı, bu gün “Kəpəz”in mövqeyi fərqli olardı. Açığı, inanmıram ki, bizə qarşı qərəz olsun. Ancaq hakimlər daha diqqətli olmalıdır. Artıq bir neçə dəfədir ki, belə hallar təkrarlanır. Kobud səhvlərə yol verilir. Mövsüm ərzində bizim komandanın əleyhinə bir çox qərarlar veriblər. Belə şeylər bizə pis təsir edir. Ortada əmək var, əziyyət var. Bir səhv qərara görə hər şey məhv olur. Futbolçular da gərginlik yaranır. Ən çox cəzalanan komanda “Kəpəz”dir. Bu da oyunçulara təsir edir, bəzən mübarizə aparmaqdan belə çəkinirlər.

– Elə sırf belə məqamlara görə futboldan küsən çox adamlar olub. Yəqin ki, sizdə də eyni hal olur…

– Bu gün dünya futbolunda da belə hallar var. Hakimlik həmişə gündəmdə olub. Yenə deyirəm, inanmaq istəyirəm ki, burada bizə qarşı qərəz yoxdur. İstəyirik ki, bizim oyunlara daha hazırlıqlı, təcrübəli hakimlər təyin edilsin. Ən azından evdəki oyunlarda atmosfer fərqli olur. Bu, hakimlər üçün də çətinlik yarada bilər. Buna görə də daha təcrübəli hakimlər Gəncəyə gəlsə, yaxşı olar. Ən azından VAR-dakı hakimlər hazırlıqlı olmalıdırlar ki, əsas referi səhv edəndə ona xəbərdarlıq edə bilsinlər.

– Bununla bağlı AFFA və ya Hakimlər Komitəsiylə bağlı hər hansı bir söhbətiniz olubmu?

– Danışırıq, etirazımızı bildiririk. Amma yenə də nəticəyə təsir edilmir.

– Bəs, niyə sosial şəbəkə hesablarında bu barədə daha aktiv işlər görmürsünüz? Sanki çox da etiraz etmək istəmirsiniz…

– Bu suala klubun mətbuat xidmətinin rəhbəri cavab versə, daha yaxşı olar (gülür). Əslində hakim səhvləri həqiqətən bizə çox pis təsir edir. Sonuncu “Zirə” oyununda qapımıza heç nədən penalti təyin edildi. Biz həmin epizodda hələ də penaltini tapmağa çalışırıq. Bu vəziyyətdə necə belə bir qərar verilir, bilmirəm. VAR olmasaydı, başa dümək olardı. Həmin oyunu mənlə bərabər bir neçə futbol mütəxəssisi də izləyirdi. Neçə dəfə epizoda baxdıqdan sonra onlar da penaltinin olmadığını bildirdilər. Bu epizdola bağlı sosial şəbəkə hesabımızda paylaşım olunmuşdu. Ancaq hamılıqla bu barəda danışsaq, açıqlama versək yenə də heç nə dəyişməyəcək. “Turan Tovuz”la kubok oyununun son dəqiqələrində bir epizod yaşandı. Bu, geniş müzakirələrə səbəb olmuşdu. Ancaq dəyişən heç nə olmadı. Bu gün komanda kubokla vidalaşıb, rəqib isə artıq yarımfinaldadır.

– Uğursuzluqlar olanda azarkeşlər rəhbərliyi istefaya səsləyirlər. Ancaq “Kəpəz”də belə hal olmadı. Tərəfdarların sevgisini necə qazanmısınız?

– Güvənirlərsə, sağ olsunlar. Mən də onlardan biriyəm. Bunu necə qazandığımı deyə bilmərəm. Onlara qarşı xüsusi bir şey etməmişəm. Öz işimi görmüşəm. Ola bilər ki, gəncəli olmağım buna səbəblərdən biridir. Azerkeş qrupları ilə klubun heç bir bağlılığı yoxdur. Onlara yalnız burada görülən işlər maraqlıdır. Tərəfdarlara xüsusi bir təzyiqimiz olmayıb heç vaxt. Düzdür, bəzən bizi ziyana salırlar, onlardan inciyirik. Amma yenə də azarkeşlər bizim hər şeyimizdir. Həmişə dəstəkləyirlər, Bakıya gəlirlər. Oyunlara gedəndə yuxusuz qalırlar, çox əziyyət çəkirlər. Bunları qiymətləndirməmək olmaz. Azarkeşlərdən tək istəyim sona qədər bunu davam etdirmələridir. O dəstəyin nəticəsidir ki, Gəncədə rəqiblərə qarşı daha yaxşı çıxış edirik.

– Son olaraq “Kəpəz” azarkeşlərinə komandanın Premyer Liqada qalacağına söz verirsiniz?

– Söz vermək çətindir. Klubun çempionatda qalmasını ən çox istəyən şəxs elə birinci mən özüməm. İnanmıram bunu məndən daha çox istəyən olar. Çünki “Kəpəz” klubunda məsuliyyət daşıyan birinci şəxs mənəm. İstəyərəm ki, komanda Premyer Liqada qalsın. Azərkeşlərə də deyirəm ki, onlardan çox şey asılıdır. Komandaya dəstək olsunlar. Onların dəstəyi olanda istənilən rəqibə çətinlik yarada bilirik. Hamı da bunun şahidir. Demək olar ki, “Kəpəz” bu mövsüm ev oyunlarının heç birində məğlub olmayıb.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43