Kateqoriyasız

“Qələbədən başqa nəticə haqqında düşünmürük” – millinin baş məşqçisi

“Oyunçularla söhbət etmişəm, qələbədən başqa nəticə haqqında düşünmürük”.

İdmanxeber.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Afinada Yunanıstan yığmasına qarşı keçirəcəkləri dünya çempionatının əsas seçmə mərhələ oyunundan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis bildirib ki, qarşılaşma öncəsi komandada əhval-ruhiyyə yaxşıdır: “Fikrimcə, Bakıda Polşa ilə matçda vacib qələbə qazandıq. Sadəcə, uşaqlarda yol yorğunluğu var. Görüşün olacağı arenada ilk məsqimizi keçirdik”.

O, çox diqqətli oynamalı olduqlarını söyləyib: “Çünki oyun bizim qədər rəqib üçün də vacibdir. Məncə, bu duel Yunanıstan üçün növbəti mərhələyə yüksəlmək baxımından bəlkə də son şans olacaq. Ona görə onlar maksimum güc sərf edib, qələbə qazanmağa çalışacaqlar. Onlar 3 xal qazansalar, qrupda hər kəsin xalı bərabər olacaq. Məğlub olsalar, çox cüzi şansları qalacaq”.

Alesionun sözlərinə görə, heyətlə bağlı müəyyən dəyişiklik olacaq: “Felipinyonun cəzası başa çatıb və o, artıq meydana çıxa biləcək. Amma Fineo De Araujo bu dəfə bizə kömək edə bilməyəcək. Onun zədəsi var. Bakıdakı matça həkimin köməyi ilə çıxmışdı. Bu dəfə qərara gəldik ki, risk etməsin”.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək qarşılaşma saat Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43