Kateqoriyasız

“Qarabağ”ın sabiq üzvü Qurbanov haqda: “Qızım öləndən sonra çox aciz olmuşdum”

“Qızım öləndən sonra çox aciz olmuşdum. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun həmin vaxtdakı davranışını unutmayacam. O, mənə ata kimi idi. Bu günə qədər onu ruhdan saldığım üçün təəssüflənirəm. İndiki məsuliyyətim olsaydı, karyeram fərqli olardı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Donald Gerye Polşa mətbuatına müsahibəsində deyib.

O, daha sonra “Qarabağ” və Qurban Qurbanov haqda bunları deyib:

“Lex”lə oyunu izlədim. “Qarabağ”dan daha çox şey gözləyirdim. Bu komandanı tanıyıram və mentalitetini bilirəm. Qurbanov uduzmağı bilməyən və pis oyunlardan həzz almayan biridir. “Lex” üçün 1:0 cüzi üstünlükdür. Düşünürəm ki, “Qarabağ” daha irəli gedəcək. Qurban Qurbanov futbolçunu döyüşçüyə çevirə bilən adamdır. Heç kim onun kimi motivasiya etməyi bacarmır.

Qurban Qurbanov “Qarabağ”, “Qarabağ” da Qurban Qurbanovdur. Hamı ona qulaq asır. O, xırda imkanlarla güclü komanda yaratdı. Uğurları var, ancaq yenə də irəli getmək istəyir. Onun necə peşəkar olduğunu görmüşəm.

Qurbanovun Azərbaycandan kənardan çoxlu təklifləri olsa da, getmədi. O, Azərbaycanı, Qarabağı təmsil etməkdən qürur duyur. Onun sözü müqəddəsdir. Onun sayəsində “Qarabağ” hər zaman daha çox şeyə nail olmaq istəyir. Hamı ona hörmət edir. Hətta Qurbanova Allah kimi yanaşırlar. Keçirdiyim 4 ildə başa düşdüm ki, bu klubun matçları və nəticələr çox önəmlidir. Qurbanov həmişə deyirdi ki, biz təkcə özümüz, azarkeşlər üçün deyil, döyüş bölgəsində olan insanlar üçün oynayırıq”.

Müdafiəçi “atlılar”la Çempionlar Liqasında Madrid “Atletiko”suna qarşı keçirdiyi oyunları xatırlayıb:

“Çempionlar Liqasında “Atletiko” ilə qarşılaşacaqdıq. Qurbanov bizi təlimatlandırmağa apardı. O, rəqibin videoanalizini göstərdi və necə oynayacağımızı söylədi. Bir müddət paltardəyişmə otağında qalmağımızı istədi. “Siz bunu özünüz, klub üçün etmirsiz, indi sizə göstərəcəm nə üçün edirsiz” dedi. Sonra Ağdam haqda videoyazı göstərdi. Uşaqların ağlaması, şəhərin bombalanması, dəfn mərasimləri, matəm… “Bu insanlar “Qarabağ”ın “Atletiko”ya qol vurduğunu görəndə gülümsəməyə başlayacaqlar” deyə, əlavə etdi. “Atletiko” ilə matça “Barselona” kimi çıxdıq. Və oyun 1:1 hesabıyla başa çatdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43