24 İyun 2026
Ölkə futbolu

“Qarabağ”la bizim nə ədavətimiz, nə də xüsusi rəqabətimiz var” – Azər Bağırov 

Azərbaycan Premyer Liqasının XXI turu çərivəsində “Kəpəz”i qəbul edən lider “Sabah” 1:0 hesablı qələbə qazanıb.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

“Futbolçularıma yaxşı vuruşmaqları üçün təşəkkür edirəm. Ani diqqətsizlikdən qapımızdan qol buraxdıq. Ən yaxşı oyunçularımızı meydana buraxdıq. Futbolçularım üçün gözəl təcrübə oldu. Soyuq havada stadiona gələn azarkeşlərə də minnətdarlığımı bildirirəm”.

– Ötən mövsüm komandanı Premyer Liqada saxlamağı bacardınız. Bu il də bunun üçün çalışırsınız. Hər iki mövsümü müqayisə etsəniz, nə kimi çətinlik və ya dəyişiklik görürsünüz?

– Fərqlər ondan ibarətdir ki, ötən il legioner daha çox idi. Digər komandalarla müqayisə etsəniz, ən az legioner hazırda bizdədir. Əlimizdən gələnin yaxşısın etməyə çalışırıq. “Turan Tovuz”la matçda fikir versəniz, rəqibdə 2 azərbaycanlı futbolçu var idisə meydanda, bizdə bu rəqəm 9 idi. Bu gün keçirilən matçda da “Sabah”ın heyətində elə bir məqam oldu ki, meydanda rəqibdə azərbaycanlı futbolçu yox idi, bizdə isə 7 nəfər mübarizə aparırdı. 

– “Neftçi” ilə son matçda “Kəpəz” azarkeşlərinin “Neftçi” fanatları ilə birlikdə “Qarabağ”a qarşı şüarlarını necə dəyərləndirirsiniz?

– Bu şüar haqda eşitməmişəm. “Qarabağ”la bizim nə ədavətimiz, nə də xüsusi rəqabətimiz var. Azərbaycanda avropadakı uğurlarına görə, hörmət olunası klub varsa, bu “Qarabağ”dır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43