12 Oktyabr 2024
Kateqoriyasız Müsahibə

Qurban Qurbanov yuxusunu danışdı: “Gördüm ki…”

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ” cavab matçında “Lex”i darmadağın edərək mərhələ adlayıb – 5:1.

İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Hamını təbrik edirəm. Çox möhtəşəm oyun, möhtəşəm qələbə oldu. Bu gün futbolçularim cox istəkli idi. Onlar bu qələbəyə layiq idi. Çox yaxşı komandaya qalib gəldik. Bu başlanğıcdı. Futbol elə bir səviyyəyə gəlib ki, istənilən rəqibə ciddi yanaşmalısan.

Sizə ötən gün gördüyüm yuxumu danışım: görürəm ki, Aqil Abbas dağın başında qarın içindədi. Deyir ki, şəhər istidir, bax gör, təpələr necə qarlıdır. Buradan ona salamlarımı çatdırıram.

– Rəqib komandanın baş məşqçisi hakim səhvlərini qabartdı. Sizcə, bunun təsiri oldumu?
– Danışası bir şey yoxdur. Heç bizim komandaya qaşrı haqsızlıqlar olanda belə fikir bildirməmişəm. Hansı epizodla bağlı dediyini bilmirəm. İstər-istəməz məğlubiyyət olanda etirazlar olur. Yaxşı başa düşürəm. Onlara uğurlar arzulayıram. Bizim başımıza belə şeylər çox gəlib. Epizodlara baxmaq lazımdır.

– Bu qələbə daha güclü “Sürix”lə oyun öncəsi komandaya necə təsir edəcək?
– İlk oyundan pley-off hissi var idi. Növbəti rəqib daha güclü, yüksək səviyyəlidir. Bundan sonra motivasiya vermək problem olmayacaq. Futbolçularım çox inkişaf edib, böyüyüblər. Onları hansısa rəqibə qarşı motivasiya etmək çətin olmamalıdır. Rəqibə baxım, hazırlaşacağıq.

– “Sürix”lə oyuna qədər transfer olacaq?
– Tez-tez bu suallar olur. Axtarışlarımız gedir. Biz istəyirik ki, tam əmin olduqdan sonra transfer edək. Bəzən son anda alınmır. Yenə də bundan xeyir görürük. İlboyu axtarışlar gedir. Mütləq güclənməliyik kimi fikrimiz yoxdur. Bütün futbolçularıma güvənirəm. Çatışmazlıqlar ola bilır, amma meydanda ürək qoymaları çox əhəmiyyətlidir. Futbolçu nə qədər çox, ustalıq nə qədər yüksək olsa, hazırlıq daha yaxşı olur.

– 5-ci qoldan sonra Elçin Rəhmanov sizə sarıldı və bir neçə dəqiqə buraxmadı. Bu, ilk oyundakı məğlubiyyətdən sonra sosial şəbəkələrdə üzərinizə çox gəlinməsindən doğan aqressiya partlayışı idi?
– Xeyr. Hamınıza yaxınım kimi baxıram. Kimsə tərifləyir, kimsə tənqid edir. Fikirləşirəm ki, hamısı bizim arxamızdadır. Normal qarşılayıram. Mən də kövrəlirəm. Bəzən idmanda özünü saxlamaq mümkün deyil. Hamı kövrəlir. Belə hallar olur. Oyunda bəzən düşünmədiyin hallarda yaşanır. Kiminsə acığına meydana çıxmamışdıq. Ətraf ölkələrə baxsaq, nələr yazırlar.

– Kadinin sarı vərəqəsinə əsəbləşdiz…
– Elə bildim ki, ilk oyunda da almışdı. Ümumiyyətlə, belə şeylərə qarşı həssasam. Heç nədən cəzalanmanı idmançıya yaraşdırmıram. Ona görə hirsləndim. Eşidəndə ki, ilk “sarı”sıdır, həm danladım onu, həm də bağışladım.

– Hesabın erkən açılması “B” planını işə saldı?
– Oyunu rəqib meydanında keçirmək istəyirdik. Çox qol vurmaq haqqında yox, lazımı qədər fərqlənməyi düşünürdük. Rəqibi analiz etmişdik, 120 dəqiqə, penaltiləri də fikirləşmişdik. İlk qol sadəcə şanssızlıq idi. Bəzən belə şeylərə sevinirəm. Ki, futoblçular özlərini itirmədilıər, yenidən oyuna qayıtdılar. Bu, çox vacibdir. Düşündüklərimizdən əl çəkmədik.

– Neçənci qoldan sonra şübhəniz qalmamışdı?
– 5-ci qoldan sonra rahatlıq oldu. 4-də hələ narahatlıq var idi. Çünki rəqibin heyətində sonradan meydana çıxan oyunçular topla yaxşı oynayırdılar.

– Təxminən 30 il sonra “Lex” avrokubokda belə böyük hesabla uduzdu…
– Bunları düşünmürük. Futbol elə səviyyədədir ki, istənilən oyunda böyük hesablı məğlubiyyət ola bilər. Vacib olan qarşıda daha düzgün işləməkdir. Böyük hesablı qələbəyə görə sevinirik. Azarkeşlər gəlib oyundan həzz aldılar. Ancaq bu şeylər bizə mane olmalı deyil.

– “Lex” indiyə kimi Azərbaycan klublarına, “Qarabağ” isə Polşa təmsilçilərinə uduzmamışdı.
– Belə fikir yox idi. Əvvəldən iki oyunu fikirləşirdik. Futbolda hər bir şey ola bilər. İnanmıram ki, hansısa komanda oyunlara belə fikirlə yanaşsın. Qalib gəlməyimiz xoşdur. Yenə onlarla düşsək, eyni formada hazırlaşacağıq. Qisassız, qələbə barədə düşünəcəyik.

– Aqil Abbasovla bağlı gördüyünüz yuxunu necə yozmuşduz?
– Bilmirəm. Sadəcə, dağın zirvəsində idi. Bu da ümumiyyətlə xoşdur. Həm də Aqil Abbası görmək xoş şeydir. Tez-tez danışırıq. Amma bu dəfə oyundan əvvəl zəng eləməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43