Müsahibə

“Tək deyiləm, köməksiz deyiləm, bunu düşünmək istəmirəm”

“Qarabağ” klubunun keçmiş mətbuat xidməti rəhbəri Nurlan İbarhimov artıq iki ilə yaxındır ki, işsizdir. O, iki ilə yaxındır ki, İdman Arbitraj Məhkəməsinin (CAS) nəhayət, özüylə bağlı yekun qərar verməsini gözləyir.

Əksəriyyət bilir, amma yenə də, xatırlatmaqda fayda var: İbrahimov 44 günlük Vətən müharibəsi zamanı “feysbuk” səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb, “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. O, həmin il yanvar ayının 19-da Ağdam təmsilçisindən ayrıldığını açıqlayıb. CAS isə Nurlanla bağlı qərarın açıqlanmasını 7 dəfə təxirə salıb.

İbrahimovla bütün bu məsələlələ bağlı söhbət etdik:

  • Salam. İşsiz adamdan “işlər necə gedir” soruşmaq, bir az məntiqsiz görünər. Necə gedir həyat, Nurlan?
  • Necə gedir işlər… Yaxşı sualdır. Mübarizə aparmaq, ümidə sarılmaq da bir işdirsə, məntiqlə yaxşı getdiyini söyləmək olar.
  • Komanda.az-ın axtarış yerində səninlə bağlı məlumat axtararkən “CAS Nurlan İbrahimovla bağlı qərarı yenə təxirə saldı” oxşar başlıqlarla xeyli xəbər çıxdı qarşıma. Yorulmamısan gözləməkdən?
  • Siz eyni tipli xəbərləri verməkdən yorulanda, yəqin mən də yorulacam (gülümsəyir). Bu gün yorulmaq, tərk etmək şansım yoxdur. Ailəm, sevdiklərim, inananlar, daim yanımda olanlar üçün buna haqqım yoxdur. Hər təxirəsalma belə, bir ümiddir. Gözləmək yorucudur, amma sən ədalətin bir gün bərqərar olacağına, sabahın daha aydın açılacağına boylanmalısan, ən azı özünü buna inandırmalısan.
  • Özünü tək və köməksiz hiss etmirsən?
  • (bir qədər düşünür) Tək və köməksiz olduğumu düşünməyim hansısa məqamda məni ruhdan sala, nələrdənsə küsdürə bilər. Mən isə bunu istəmirəm. Hər zaman özümü hədəfə kökləməyi bacarıram. Ətrafımda hər zaman sevdiklərimin, dəyər verənlərin olduğunu hiss etmək mümkün hansısa “düşüş”ü əngəlləyir. Bu iki ildə ən böyük qazancım çıxardığım nəticələrdir. Yox, tək deyiləm, köməksiz deyiləm, bunu düşünmək istəmirəm.
  • Kiçik bir ölkənin Avropada ortabab statusuna qovuşmağa can atan klubunun mətbuat xidmətinin rəhbəri idin. Sosial şəbəkədə yazdığın o məlum statusdan sonra nəinki Azərbaycanda, Ermənistanda, UEFA-da da sənin haqqında məlumatlı oldular. Sual kobud səslənsə, üzrlü say: Sənə bu cür tanınmaq lazım idimi?
  • Heç bir zaman tanınmaq marağında olmamışam. “Feysbuk”da profilim qapalı olub, digərlərini isə nisbi istifadə etmişəm. Halbuki PR mütəxəssisi olaraq bu işin incəliklərini yaxşı bilirəm, istəsəm, buna qədər də tanınmış ola bilərdim. 15 il ərzində BBC-dən tutmuş ZDF-ə qədər danışmışam, münasibətlərim olub. Dünyanın dörd tərəfindən media tanışlarım var. Tanınmaq deyildi məsələ. Yaranmış durumdan belə, tanınmaq üçün yararlana bilərdim. Amma vicdanımda zərrə qədər qaraltı yaratmamaq üçün hadisədən sonra dörd ay heç nə danışmadım. KİV-də olan dostlar tərəfindən çoxsaylı təkliflər oldu: gəl, bu məsələni ictimailəşdirək, çıx danış. Həm TV-də, həm də yazılı mətbuatda. Amma 44 günlük Vətən müharibə əsalətinin hansısa məqamını özümə bağlamaq istəmədim, danımadım, susdum.
  • “Kaş ki…” dediyin anlar olurmu?
  • “Kaş ki” peşmançılıqdırsa, həyatda peşman olmaq dünənlə yaşamaqdır. Mən o statusu kefi çağ, damağı kök yazmamışdım. Bilənlər bilir, mən neçə nəfərdən bənzər statusları silməyi xahiş etmişdim. Amma həmin anda… İstanbulda “Vilyarreal”la oyunöncəsi idi. Aysunun atasının açıqlamasını oxudum: “…qızımın bağırsaqlarını əllərimlə topladım…” Mənim də o yaşda qız övladım vardı. Həmin anda əllərimdən bağırsaqlarıma qədər qəribə titrəmə hiss etdim. Hətta masa ətrafında olan o vaxtkı iş yoldaşlarım da halıma təəccübləndilər, nə oldu deyə. Sonra ayılanda artıq status yazılmışdı. Qısacası, “kaş ki”ni düşünməkdən daha ağır idi oxuduğum ata fəryadı.
  • Yəqin UEFA-nın səninlə bağlı çox ağır qərar verdiyini düşünürsən. Məsələn, sən özün hansı cəzanı məqbul hesab edərdin?
  • Bunu nəinki mən, istənilən tərəfsiz hüquqşunas da düşünür. Dünyanın fərqli vəkillərinə bu qərarı göstərəndə şoka düşmüşdülər. UEFA-ya bu haqda yazan əcnəbi jurnalistlər də oldu. Eyniylə, “Qarabağ”ın sabiq əcnəbi futbolçuları da durumla bağlı UEFA-ya məktub yazıb, cəzanın ağır olduğunu, mən tərəfdən əsla irqçilik görmədiklərini, əksinə, bu məsələdə loyal olduğumu yazmışdılar. Dünyanın dörd bir yanından olan tandıqlarım statusu doğru bilməsələr də, baş verən hadisələr fonunda məni anladıqlarını bildirdilər. İndi siz deyin, həyatında hər zaman irqçiliyə qarşı olan, analoji addım atmayan, məsum körpənin ölümünə ata kimi reaksiya verən biri ömürlük cəzaya layiqdirmi?
  • Mənə görə, həmin paylaşımın yanlış idi, olmamalı idi. Amma müharibənin getdiyi, Azərbaycanın şəhərlərinə raketlərin yağdığını, yaşlıların, körpələrin öldüyünü görüb, dəhşətə gəlmək və emosiya partlaması yaşayaraq, uyğunsuz paylaşım etməyi isti başla da, soyuq başla da anlamaq olur. UEFA bunu anlamaq istəmədi, yoxsa sən və vəkil tanışların anlada bilmədi?
  • Neçə adam işğaldan azad olmuş ərazilərdəki xarabalıqları gedib gördükdən sonra mənə yazıb ki, səni başa düşürəm indi. Od düşdüyü yeri yandırar. Bizim ağrımızı bizdən yaxşi kimsə bilməz. UEFA da zatən bu qərarı Ermənistan Futbol Federasiyasının üç gün sonrakı iddiasından, çoxsaylı təzyiqindən sonra verdi. O dərəcədə ki, apellyasiyamızı belə, analoqu olmayan şəkildə qəbul etmədilər. Bu işdə mənə təmənnasız yardım edən Fərid Haqverdiyev yetərincə əsaslandırılmış dəlillər də göstərdi. UEFA-dakı dostlar belə, bunu anladı, amma qərar veriləndə kimsə həqiqəti görmək istəmədi.
  • AFFA-nın, “Qarabağ” klubunun sənə dəstəyi tam oldumu bu məsələdə? Və ya, sualı belə qoyaq: AFFA ilə “Qarabağ” nəyi edə bilərdi, etmədi? Bəzən, sanki statuslarında sətiraltı sitəm hiss etmək olur.
  • Bu günə kimi hadisəylə bağlı kimisə ittiham etməmişəm, etməyəcəm də. Hə, aydın məsələdir ki, mənim haqqımda qərar Ermənistan Futbol Federasiyasının iddiası və təkidi ilə verilib. Buna qarşı AFFA nəsə edibmi, bilmirəm. AFFA-da hər zaman yüksək bacarıqlı mütəxəssislər olub. Onların bu məsələyə adekvat müdaxiləsi halında məsələnin daha uyğun cəzayla olacağı qənaətindəyəm. “Qarabağ”a gəlincə, nə edib-etməməyindən asılı olmayaraq, 15 il çalışdığım bu klub hər zaman mənim üçün özəl olacaq. “Qarabağ”da mühafizəçisindən tutmuş çayçısına, otbiçəninə qədər, bu gün zənglərini alıramsa, illərin boşa keçmədiyini göstərir.
  • “Qarabağ” klubunun bir qrup xanım azarkeşi var ki, ilk gündən sənə inanılmaz dəstək verdilər. Hətta bəzən adamı kövrəldə biləcək səviyyədə dəstək. Səni kövrəldən nəsə olub bu iki ildə?
  • Sevinc və Aygül… Biri bacım, biri qızım. Hər ikisi dünyaya sığmayacaq qədər böyük qəlbli, incə ruhlu “Qarabağ” fədailəri. Birmənalı olaraq, son iki ildə ən böyük dəstəyi, diqqəti bu xanımlar göstərib. Bu məsələnin həlli üçün nələr etməyib, nələrə cəhd etməyiblər ki… Hələ də bəzən bilmədiyim hansısa cəhdlərini eşidirəm, öyrənirəm. Mən “Qarabağ”da çalışarkən onlara nə bilet, nə forma, nə də hansısa dəstək vermişəm. Sadəcə, onların təmənnasız “Qarabağ” sevgisinə sayğı göstərmişəm, çətin məqamlarında onları dinləmişəm, birlikdə inanmışıq, yeri gələndə üzülmüşük, amma ən sonda yenə də bir-birimizə, daha yaxşı “Qarabağ”a inanmışıq. Onların dastana sığacaq sevgisini, diqqətini görəndə kövrəlməmək mümkün deyil. Amma onlar “abi”lərini kövrələn görməyəcəklər, hər zaman güclü görməlidilər (gülür).
  • “Qarabağ” Çempionlar Liqasındakı ev oyunlarına dəvət edirmi səni?
  • “Qarabağ”ın Çempionlar Liqasında uğurlu olması dəvət kimidir (gülür). Mən ümumiyyətlə, futbola baxmağa getmirəm. Keçən dəfə Elman Himayətoğlu (“Zirə”nin baş meneceri) “Zirə”nin oyunu üçün bilet göndərmişdi. Bunu paylaşdıqda Asif Əsgərov (“Qarabağ”ın baş meneceri) mənə yazdı ki, “düz edirsən, başqaları dəvət edirsə, getməlisən, “Qarabağ” sənin öz evindir, dəvətə ehtiyac yoxdur”. Asif hər zaman bu məsələni diqqətdə saxlayır. Ümumiyyətlə, Əsgərov bu günə kimi hər zaman yanımda olub, əlindən gələni edib.
  • Bu arada, “Qarabağ”ı kənardan izləmək necə hissdir?
  • Qəribə duyğudur. Nə sevinə bilirəm, nə üzülə. Adətən, avrokubok oyunlarına da ən yaxınlarımla (Elman, Rəşad, Anar, Firuz, Aslan, Elgiz, Rüstəm) baxıram ki, ən azından bu qəribə vəziyyətdə hislərimdə boğulmayım. Kənardan yad təsiri bağışlaya bilər, amma bu, mənim üçün içindən çıxa bilmədiyim yuxudur.
  • İki il bir igidin ömrü olmasa da, insan həyatında çox dəyişikliklərin sığa biləcəyi zaman kəsiyidir. İki ildir işsizsən. CAS-ın qərarını gözləmədən, yenidən, fərqli bir sahədə başlamaq haqda düşünməmisən heç?
  • Səncə, işsiz olmağıma görə kiməsə “mənə iş verin” deməyim düzgün olar? Hətta, CAS-da UEFA-nın vəkilləri 15 illik “Qarabağ” təcrübəmlə ən yaxşı işlərlə təmin olunacağımı dedilər. Yenidən başlamaq, 15 il sonra, insan alışır, düzdür. Çoxusu dedi ki, burax bu işin başını, yeni həyata başla. Amma bu yolda “Qarabağ” klubunun sabiq əməkdaşı kimi yox, Azərbaycan vətəndaşı kimi mübarizə aparıram. CAS-a qədər o qədər əngəllərlə üzləşdik ki… Fəridin inanılmaz fədakarlığı ilə işi CAS-a çatdırdıq. Bu gün CAS 7 dəfə qərarı təxirə salıbsa, bu, artıq kiçik qələbədir.
  • Son olaraq, CAS-ın qərarı nə olursa olsun, gələcəkdə nə edəcəyinlə bağlı artıq bir planın var, yoxsa..?
  • Sonunu düşünən qəhrəman olmaz. Qəhrəman olmaq iddiasında deyiləm. Tək planım var: sevdiklərimi, inananları sevindirmək üçün sona qədər mübarizə aparmaq. Sonrası? Günəş ən qaranlıq gecədən sonra doğar – mən buna inanıram. (komanda.az)

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43