Müsahibə

Yakub Jezniçak: “Qərarımı 1 gün ərzində verdim” – MÜSAHİBƏ

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

– Çempionlar Liqasının  üçüncü təsnifat mərhələsinin “Şerif”lə cavab görüşündə burnunuz və barmağınız qırıldı. Hazırda özünüzü necə hiss edirsiz?

– Burnum, həqiqətən də, qırılıb. Ancaq həkim mənə qoruyucu maskanın lazım olmadığını bildirdi. Barmağım da əzilib. “Qarabağ” ÇL-in pley-off mərhələsinə heç vaxt yüksəlməmişdi. Onlar həmişə üçüncü təsnifat mərhələsində mübarizəni dayandırmışdılar. Bu mənada, tarixi nailiyyətə imza atmaq üçün yaxşı şansımız var. Düzdür, pley-offda cütün favoriti “Kopenhagen”dir. Amma biz hamını təəccübləndirərək qrup mərhələsinə düşmək istəyirik. Bunu bacarsaq, həm klub, həm də mənim üçün möhtəşəm olar. Ardıcıl ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsində oynamaq mənim üçün də əla olar.

– Sizdən fərqli, sabiq komandanız “Legiya” Çempionlar Liqasının deyil, Avropa Liqasının qrup mərhələsinə düşmək uğrunda yarışacaq. Rəqib isə “Qarabağ”ın üstələdiyi “Şerif”dir.

– “Legiya”nın çıxışı məni də təəccübləndirdi. “Şerif” zəif deyil, amma keçmiş komandamın onları üstələmək üçün hər cür imkanı var. Polşa çempionu bu səddi keçməyə borcludur.

– “Şerif”in öz meydanında necə oynayır? Stadion qonaqlar üçün cəhənnəm olur?

– Xeyr. Bir qədər “Belxatov”un stadionuna bənzəyir. Orada oynamaq xoş oldu. Rəqibi 2:1 hesabı ilə məğlub etdik. Evdə qolsuz heç-heçə qeydə alındığından növbəti mərhələyə biz yüksəldik.

– “Legiya”nı tərk edib, ekzotik ölkə olan Azərbaycana yollanmaq qərarını verəndə çox düşündünüz?

– Menecerim Azərbaycandan təklif gəldiyini deyəndə ona bildirdim ki, maliyyə şərtləri çox yaxşı olmalıdır. Demək olar ki, qərarımı 1 gün ərzində verdim. İndiki məqamda da çox xoşbəxtəm, fikirləşdiyimdən də yaxşıdır. Klubun böyük bazası və məhsuldarlığı var. Günəşi sevirəm. Gəldiyim gündən Bakıda yağış yağmayıb. Deyəsən, bundan sonra da yağmayacaq (gülür).

– Bakıda polyaklarla rastlaşmısınız?

– Komandada Polşanın “Yagelloniya” klubunun sabiq futbolçusu Dani Kintana çıxış edir. Onun həyat yoldaşı polyakdır. Həmçinin Donald Gerrye əvvəl “Visla”da oynayıb. Onun da yoldaşı polyakdır və iki övladı var.

– “Qarabağ” Ağdamı təmsil etməsinə baxmayaraq, ev oyunlarını Bakıda keçirir…

– Klubun əsası Ağdamda qoyulub. Amma həmin şəhər Azərbaycan və Ermənistan arasında yaşanan müharibə zamanı dağıdılıb. Bakıda da çoxlu azarkeşimiz var. Qarşımıza böyük məqsəd qoymuşuq. Çempionlar Liqasının qrupuna düşməyi, həmçinin ölkə çempionu olmağı hədəfləmişik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43