28 Dekabr 2024
Ölkə futbolu

“Qəbələ” 7 futbolçu ilə yollarını ayırdı – RƏSMİ

2015/16 mövsümünün hazırlıqlarına start verən “Qəbələ”də 7 futbolçu ilə yollar ayrılıb. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, müqavilə müddəti başa çatmış futbolçulardan Viktor Mendi, Bəxtiyar Soltanov, Pavol Farkaş, Aleksandru Benqa, Mixail Sivakov, Ruslan Fomin və Cavidan Hüseynzadə ilə əməkdaşlığa son verilib.

2011-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Mendi 4 mövsümdə 33 qol vurub, klub tarixinin ən yaxşı bombardiridir. Seneqallı hücumçu 127 oyun keçirməklə Dodonun rekorduna şərikdir.

Benqa və Farkaş 2014-cü ilin yayında transfer olunub. Farkaş 14 oyunda 2 qol vurubsa, Benqa 7 matçın iştirakçısı olub. Mövsümün gedişində “Qəbələ”yə keçən Soltanov “qırmızı-qara” formada keçirdiyi 24 qarşılaşmada 4 qol vurub. Komandamıza qış fasiləsində qoşulan Ruslan Fominlə Mixail Sivakov “qırmızı-qara” formada yarım mövsüm keçirib. Bu müddətdə Fomin 17, Sivakov 13 matçda meydana çıxıb. Hüseynzadə isə yalnız 1 görüşün iştirakçısı olub və 1 top buraxıb. “Qəbələ” İdman Klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdikləri oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.

2015/16 mövsümünün transfer çalışmalarına da start verən “Qəbələ” heyətini gücləndirmək istiqamətində addımlar atıb. 5 futbolçu növbəti mövsümdən “qırmızı-qaralar”ın formasını geyəcək. Bunlar qapıçı Andrey Popoviç, müdafiəçilər Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçilər Samir Zərgərov, Asif Məmmədovdur. 2006-2009-cu illərdə “Qəbələ”də çıxış edən Zərgərov klub tarixinin ən çox oyun keçirən 8 futbolçusundan biridir. O, 84 oyunda 10 qol vurub. Ölkə çempionatlarında 200-dən artıq oyun keçirən yarımmüdafiəçi “Ədliyyə”, “Standard”, “Kəpəz” və “İnter”in də şərəfini qoruyub. 2009/10 mövsümündə “Qəbələ”də çıxış edən Daşdəmirov klubun heyətində 18 matça çıxıb. Premyer Liqada 200-dən çox oyun keçirən 28 yaşlı müdafiəçi “Şahdağ” (2004-2006), “MKT-Araz” (2006-2007), “Masallı” (2007-2008), “Olimpik” (2008), “Standard” (2009) və “İnter”in (2010-2015) də şərəfini qoruyub. Məmmədov da vaxtilə komandamızın formasını geyinib. O, “Qəbələ”nin Premyer Liqada debüt etdiyi 2006/07 mövsümündə “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 8 ildən sonra qayıtdığı komandada 9 oyun keçirib, 3 qol vurub. 29 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Saf” (2003-04), “Ədliyyə” (2004-06), “MKT-Araz” (2006), “Standard” (2007-08), “İnter” (2008-10, 2011-15), “Xəzər Lənkəran” (2010) klublarında da çıxış edib. Popoviç və Mirzəbəyov da Daşdəmirov kimi Azərbaycan milli komandasının üzvləridir. 25 yaşlı Məhəmməd Premyer Liqada “Sumqayıt” (2012-2014) və “İnter”də (2014-2015) çıxış edib. Bunadək isə o, Rusiyada “Torpedo” (Moskva, 2006-2008), “Torpedo-ZİL” (2009) və “Anji”nin (2010-2012) şərəfini qoruyub. Popoviç “Bakı” (2008-2011), “Abşeron (2010-2011), “Sumqayıt” (2011-12 və 2014-15), “Turan”la (2012-2013) yanaşı, ölkə xaricində də legioner həyatı yaşayıb. 23 yaşlı qapıçı 2013-cü ildə Türkiyənin “Tavşanlı Linyitspor” klubunun formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43