Premyer Liqanın 29-cu turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyunla bağlı hazırlığını yekunlaşdırıb.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “sarı-göylər” matçın son məşqinə qarşılaşmanın keçiriləcəyi “Azərsun Arena”da çıxıb.
Gəncə klubu çempionatın lideri ilə oyunda aparıcı futbolçulardan Junior Martinsin xidmətindən yararlana bilməyəcək. Braziliyalı yarımmüdafiəçi cəzalıdır.
Ötən tur AZAL-la görüşü eyni səbəbdən buraxan Budaq Nəsirov isə artıq cəzasını başa vurub. Amma Nəsirov zədəlidir. Gənc futbolçu tibbi müayinədən keçsə də, onun Ağdam təmsilçisi ilə oynayıb-oynamayacağı dəqiqləşməyib. Nəsirov haqda son qərar bu gün təkrar müayinədən sonra veriləcək.

