İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda final oyunu keçirilib.
Mayın 4-də – İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na – mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edib.
Final görüşündən öncə Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət “Suqovuşan” komandası arasında yoldaşlıq qarşılaşması oynanılıb. Komandalar Azərbaycan bayrağının müşayiəti ilə mərkəzə dəvət olunublar və Dövlət Himni səsləndirilib.
Qarşılaşmanı fəxri qonaq qismində izləyən Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. Turnirin təşkilatçılarına təşəkkürünü bildirən M.Məmmədov bu cür turnirlərin faydasından söz açıb.
Milli Məclisin deputatı Tahir Mirkişili öz komandası adından təşkilatçılara təşəkkür edib. Azərbaycan xalqının mübariz olduğunu bildirən deputat 2020-ci ildə bu statusun dəyişdiyini və özümüzü dünyaya zəfər xalqı kimi tanıtdığımızı vurğulayıb. O, Azərbaycan üçün yeni səhifə açan şəhidlərə Allahdan rəhmət diləyib. T.Mirkişili zəfər xalqı statusunu hər bir sahədə, eləcə də futbolda təzahür etdirməli olduğumuzu xüsusi qeyd edib. O deyib ki, bu turnir də həmin təşəbbüsün bir parçasıdır.
İAM-ın sədri Elşən Məmmədov isə hər iki komandanın üzvlərinə minnətdarlığını bildirərək, deputatların turnirə böyük dəstək olduqlarını, onların bəzilərinin fəxri qonaq qismində oyunlarda iştirak etdiklərini söyləyib: “Milli Məclisin deputatları Zəfər Kubokunun oyunları zamanı fəxri qonaq qismində iştirak ediblər. Onlar belə bir turnirin təşkilinə böyük önəm verərək, jurnalistlərlə yoldaşlıq görüşü keçirməyə hazır olduqlarını bildiriblər. Qazi jurnalistlərlə deputatlar arasındakı görüş məhz bu təşəbbüsün nəticəsi, müharibə veteranlarına və Zəfər Kubokuna verilən dəyərin təzahürüdür”.
Daha sonra mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun oğlu Mətin Şükürova ETOPAZ-ın rəhbəri Altay Əliyevin adından pul mükafatı təqdim olunub.
Ardınca isə Milli Məclisin sədri Sahibə Qafarovanın adından turnirin təşkilatçısı E.Məmmədova xüsusi plaket verilib. İAM sədri isə öz növbəsində qarşı tərəfə xatirə hədiyyəsi təqdim edib.
M.Məmmədovun rəmzi toxunuşu ilə oyun start götürüb. Deputatlar komandasının heyətində Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Tahir Mirkişili, Vüqar Bayramov, Nurlan Həsənov, Fazil Mustafa, Ramin Məmmədov, Cavid Osmanov və Ceyhun Məmmədov yer alıb. Məşqçi funksiyasını isə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev yerinə yetirib.
“Suqovuşan” komandasının heyəti isə Mahir Süleymanov, Daşqın Əziz, Mahal Məmmədov, Nurşən Quliyev, Rasim Mədəd, Xalid Ağalıyev, Vüsal Hacı və İlkin Əhmədovdan ibarət olub. Komandanı məşqçi kimi meydana Rəşad Baxşəliyev çıxarıb.
Qarşılaşma jurnalistlərdən ibarət komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Suqovuşan”ın qollarından 2-ni Nurşən Quliyev, digərlərini isə Xalid Ağaliyev və Rasim Mədəd vurub. Deputatlar komandasından isə Fazil Mustafa fərqlənib.
Ardınca “Xocavənd” və “Ağdam” komandaları arasında final oyunu təşkil olunub. Fəxri qonaqlar sırasında “Qəbələ” futbol klubunun prezidenti Fariz Nəcəfov, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev, minifutbol üzrə Avropa çempionluğu qazanmış Azərbaycan milli komandasının üzvləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “TT Fight Club”un direktoru Şəhriyar Abbasov, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və veteran futbolçu Novruz Əzimov da qatılıblar.
Bundan başqa, Elnur Əşrəfoğlunun, eləcə də şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri də final oyununa dəvət olunublar. Onlara təşkilatçılar və Şəhriyar Abbasov tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Fariz Nəcəfov və Şəhriyar Abbasovun topa rəmzi toxunuşundan sonra həlledici oyun başlayıb. Finalda “Xocavənd”ə 3:1 hesabı ilə qalib gələn “Ağdam” Zəfər Kubokunun qalibi olub. Matçda hesabı “Xocavənd” futbolçuları açıblar. Fərid Məmmədov fərqlənib. Lakin onların qol sevinci cəmi 1 dəqiqə çəkib. Elvin Rüstəmov tarazlığı bərpa edib. Az sonra isə Mirbağırağa Cəfəri dəqiq zərbə ilə hesabı “Ağdam”ın xeyrinə dəyişib. İkinci hissənin ortalarında növbəti dəfə fərqlənən Cəfəri həm dublunu, həm də yekun nəticəni müəyyənləşdirib.
Final görüşünün ardından mükafatlandırma mərasimi keçirilib.
Finalda “Xocavənd”i məğlub edən “Ağdam” komandasında Zəfər Kuboku, 2 000 manat pul mükafatı verilib. “Xocavənd” isə 1 200 manat pul mükafatı əldə edib. Hər iki komandanın üzvləri diplomlarla da təltif olunublar.
İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunun bombardirləri və ən yaxşı oyunçuları mükafatlandırılıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov turnirin ən yaxşı qapıçısı Ramiz Mirzəzadə (“Xocavənd”), hərəyə 9 qolla ən məhsuldar oyunçular – Mirbağırağa Cəfəri (“Ağdam”) və Sərxan İbrahimoğlu (“Xocavənd”), həmçinin turnirin ən yaxşı futbolçusu M.Cəfəriyə pul mükafatı təqdim edib.
Turnirin yüksək səviyyədə keçirilməsində əməyi olan Təşkilat Komitəsinin üzvləri, hakimlər və könüllülər də mükafatçılar sırasında yer alıblar. Həmçinin, “Report” İnformasiya Agentliyi turnirin işıqlandırmarılmasındakı dəstəyinə görə xüsusi mükafatla təltif olunub. Mükafat “Report”un direktoru Fuad Hüseynəliyevə təqdim edilib.
Qeyd edək ki, Zəfər Kuboku İAM-ın təşkilatçılığı, Azərbaycanın ilk qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, “Huner Group”un sponsorluğu, TOC klinikası və “Kəhriz Su” şirkətinin tərəfdaşlığı, “Report” agentliyinin informasiya dəstəyi ilə təşkil olunub.