17 Yanvar 2025
Ölkə futbolu

“Neftçi” ilə oyuna ümidlə hazırlaşırıq” – “Səbail”in kapitanı

“Qəbələ” ilə çətin görüş keçirdik. Oyuna yaxşı başladıq, 2:0 önə də keçmişdik. Ancaq heyif ki, davamını gətirə bilmədik. İkinci hissə zəif çıxış etdik. Sonda da meydandan məğlub ayrıldıq. Bəlkə yorğunçuluq, bəlkə də rotasiya səbəbindən sonunu gətirə bimədik. Üstəlik bizim üçün süni medyançadan təbbi ot örtüyünə keçmək çox çətindir. Ancaq ümumən pis oyun keçmədi. Cavab matçında şanslarımız var. Ev oyununda maksimum nəticə qazanmalıyıq”.

Bu sözləri idmanxeber.az saytına “Səbail”in kapitanı Rahid Əmirquliyev Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda  “Qəbələ” məğlubiyyəti (2:3) barədə danışarkən deyib. O, uzun müddətdən sonra oynamasından da söz açıb:

“8-9 turdu ki, meydanda yoxam. Belə olanda oynamaq çətin olur. Nə qədər məşq etsən də, davamlı çıxış edə bilməyəndə çətinlik çəkirsən. “Qəbələ” ilə oyunda heyətdə ciddi dəyişikliklər var idi. Çoxdandır meydana çıxmayan oyunçular əsas heyətdə başlamışdı. Bu da nisbətən çətinlik yaradır. İkinci hissəsinin sonlarında isə yorğunçuluq hiss olunurdu. Bu da oyun praktikasının az olmasından irəli gəlir”.

Əmirquliyev qarşıdakı “Neftçi” matçı barədə də danışıb. O, bu görüşdən xalla ayrılmaq istədiklərini bildirib:

“Çox çətin oyun olacaq. Üç gün öncə biz də, “Neftçi” də kubok görüşü keçirib. Ancaq bizim çempionatda vəziyyətimiz yaxşı deyil. Mütləq nəticə qazanmalıyıq. Premyer Liqada qalmaq üçün xallara ehtiyacımız var. Oyuna böyük ümidlə hazırlaşırıq. Bizim üçün çox vacib qarşılaşmadır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43