24 İyun 2026
Ölkə futbolu

“Şahruddin bu dəstəyi qiymətləndirə bilmirsə, problem özündədir”

“Şahruddinin performansını hər kəs müzakirə edir. Hamı hər şeyi görür, bilir. Onun bu səhvləri birinci dəfə deyil. Dəfələrlə komandanın oyununa, nəticəyə təsir edən səhvlər edib. Görünən odur ki, Şahruddin qapıçı məktəbinin olmamasının əziyyətini çəkir. Bəli, kifayət qədər əzmkardır, döyüşkən oyunçudur. Ancaq müəyən yerlərdə axsayır. O da komandnaın oyununa təsir edir”.

Bu sözləri idmanxeber.az saytına “Sabah” Futbol Akademiyasının qapıçılar üzrə kordinatoru Xəyal Zeynalov “Rakuv” – “Qarabağ” oyununda Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin performansını dəyərləndirərkən deyib. O, millimizin üzvünün ona göstərilən etimadı doğrultmadığını bildirib:

“Əlbəttə ki, bu, “Qarabağ”ın daxili məsələsidir. Qurban Qurbanovun fikirlərini mətbuatdan oxuyuruq. Oyunçusunun yanındadır, bu da başa düşüləndir. Məşqçi ona dəstək olur. Ancaq Şahruddin də Qurbanovun dəstəyini boşa verməməlidir. Komandanı 7-8 oyunda xaldan etsə də, yenə də baş məşqçi yanında olur. Şahruddin bunu qiymətləndirə bilmirsə, problem özündədir. 

Heyətin necə qurulması, kimlərin alınması klubların öz daxili işləridi. Bunu komandaların mütəxəssisləri görür və qərar verir. Ancaq öz fikrimi deyirəm ki, “Qarabağ” qapıçı dəyişikliyinə getməlidir. Şahruddin hiss etməlidir ki, heyətdə rəqabət var. Premyer Liqada  elə oyunlar var ki, “Qarabağ”a heç qapıçı lazım olmur. Əsas bu görüşlərdə yaxşı çıxış etməlidir. Əgər edə bilmirsə, deməli, işinin öhdəsindən gələ bilmir”.

“Kəpəz” klubunun sabiq qapıçısı Ağdam təmsilçisinin ikinci qolkiperi Amin Ramazanovun “Rakuv”la cavab görüşndən qapıda olub-olmama ehtimalına belə cavab verib:

“Amin barədə də dəqiq fikir bildirmək olmur.  Çünki bir qapıçını formalaşdırmaq üçün ona inanmaq lazımdır. Amin Rusiya məktəbinin yetirməsidir, Şahruddin  Maxaçqaladan gəlib, Luka Quqeşaşvili isə gürcüdür. “Qarabağ”da bizim qapıçılıq məktəbi keçən qolkiper yoxdur. Hamısı fərqli yerlərdən gəlib. Aminə şans verilə bilər. Ancaq klubun yükünü daşımaq çətindir. “Qarabağ”da elə bir qapıçı olmalıdır ki, stabil olaraq o çıxış etsin. Bu komandanın əsas qapıçısı ilə ehtiyatdakı oyunçu arasında fərq olmamalıdır. Çünki hər il avrokuboklarda oynayır. Şahruddin Avstriyadakı təlim-məşq toplanışında hazır olmadığının siqnalını vermişdi. Orda da bir çox səbəblər ola bilər. Niyə bu vəziyyətdədir? Ya hazırlıq yaxşı keçməyib, ya da özünə güvənmir. Hər şey ola bilər”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43