“İspaniyanın “Luqo” komandasından təklif gəldi, mən də dəyərləndirdim. Başqa ölkələrdən də istəyənlər var idi, ancaq buranın daha uyğun olduğunu düşündüm”.
Bu sözləri idmanxeber.az saytına futbol üzrə U-21 millimizin qapıçısı Eldar Tağızadə yeni klubuna keçidi barədə danışarkən deyib. O, Fransanın “Klermon” komandasından ayrılmasını belə şərh edib:
“Məqsədim orada əsas heyətə düşmək idi. Ancaq elə də çox şans ala bilmirdim. Bu səbəbdən də ayrılmağa qərar verdim. “Luqo”dan mənə təklif edilən şərtləri karyeram üçün daha yaxşı hesab edirəm. Əsas hədəfim getdiyim klublarda birinci komandaya yüksəlməkdir. Bu ay çempionatımız başlayır. Hədəflərimi həyata keçirmək üçün var gücümlə çalışacam”.
Gənc qolkiper hələlik Azərbaycanda oynamağı düşünmədiyini bildirib. O, getdiyi ölkələrin futbolumuzdan xəbərdar olduqlarını da vurğulayıb:
“İnkişafım üçün Avropada çıxış etmək daha doğru olar. Yaxın vaxtda Azərbaycana qayıtmağı düşünmürəm. Burada futbolumuz barədə məlumatlıdırlar. “Qarabağ” sayəsində bizi tanıyırlar. Futbol ölkəsi kimi bizə qarşı müsbət fikirdədirlər”.
Qeyd edək ki, Eldar Tağızadənin transfer olduğu “Luqo” klubu La Liqa 2-də çıxış edir.
Həsən Quluzadə

