28 Noyabr 2024
Ölkə futbolu

Klub rəhbəri konkret danışdı: “Bu, hardasa “qırılacaq”

“Kəpəz” klubunun idarə heyətinin sədri İlqar Nadiri İdmanxeber.az saytına müsahibə verib.

O, “sarı-göylər”in cari mövsüm çıxışı və digər məsələlərdən danışıb:

– Bu mövsüm də komanda hədəfinə çatdı, “Kəpəz” Premyer Liqada qaldı. Mövsümü necə dəyərləndirirsiniz?

Çox çətin idi. Mövsümə yaxşı başlamadıq. Çoxlu xallar itirdik. Baş məşqçi dəyişikliyi oldu. Halbuki bunu planlaşdırmamışdıq. Stadionun sökülməsi də bizim üçün gözlənilməz oldu. Mövsüm ərzində çox çətinliyimiz var idi. Yanvardan sonra maliyyə baxımından da müəyyən problemlər yarandı. Vergi öhdəlikləri artdı. Ancaq ümumən pis başlayıb, yaxşı sonlandırdıq. Qışdan sonra komanda çox baxımlı oyun sərgilədi və azarkeşləri sevindirə bildik.

– “Kəpəz” Premyer Liqada qalsa da, hələ də klubda müəyyən problemlər davam edir. Bu gün sizi ən çox narahat edən məsələ hansıdır? 

Təbii ki, ən başlıca problem maliyyədir. Bu gün bizim büdcəmiz digər klublardan ən azı iki dəfə azdır. Mən belə bilirəm. Söhbət əsas komandadan gedir. Bu da bizə çətinlik yaradır. Artıq mövsüm yekunlaşıb. Bu gün heyətin bir çox üzvlərini saxlamaq istəyirik. Amma onlara bizim verdiyimizdən iki-üç dəfə artıq maaş təklif edirlər. Bu da bizə problemlər yaradır. Ötən mövsüm bu səbəbdən bəzi oyunçularımız klubu tərk etdi. Düzdü, çətin də olsa, komanda formalaşdıra bildik. İndi də yaxşı mövsüm keçirən oyunçulara yüksək təkliflər var. Bu səbəbdən biz onları saxlaya bilmirik. Çünki həmin maaşları verməyə imkanımız yoxdur. Heç bir komanda aparıcı futbolçularını itirmək istəməz. Amma biz gözümüz görə-görə onlara halallıq verməyə məcbur qalırıq. Azarkeşlər də, biz də bunu çox üzülürük. Oyunçular da kluba çox bağlıdır. Sadəcə, onlara elə təkliflər gəlir ki, imtina edə bilmirlər. Heç biz də nəsə deyə bilmirik.

– Saxlamaq istədiyiniz futbolçular hansılardır?

Bütün aparıcı oyunçularımızla danışıq aparırıq. Baş məşqçimizin də istəyi ilə. Çempionatın bitiminə bir neçə tur qalmış artıq bəzi futbolçularla masa arxasına oturmuşduq. Məşqçimiz də həmin oyunçuların hamısının qalmasını istəyir. Sadəcə, futbolçuların əlverişli təklif alması razılaşmağımıza mane olur. Demək olar ki, bütün aparıcı oyunçularımızın yaxşı təklifləri var. Bəli, bunlar yaxşı haldır ki, onlar bizdə performanslarını yüksəldib başqa klublara gedirlər. Ancaq bizim üçün məyusedicidi. Onları komandada saxlamaq üçün tez bir zamanda sponsor tapmalıyıq. Bunun üçün indiki büdcəmizin ikiqatı olmalıdır. 

– Elə azarkeşlərin də sizdən səbrsizliklə gözlədiyi sponsor xəbəridi…

Bu, bütün futbol ictimaiyyətinin gözlədiyi xəbərdir. Hər kəs “Kəpəz”in sponsor tapmasını istəyir. Çünki Gəncədə futbol adına yaxşı işlər görülür. Akademiya tikilir, yeni stadion inşa edilir, futbol bazası yaradılır və s. Artıq klub kimi formalaşmağa başlamışıq. Hansısa bir fors-major hal yaşanmasa, növbəti mövsümün sonuna yeni stadion hazır olacaq. Hamımız Gəncədə yaxşı bir komanda olmasını istəyirik. 

– Yeni AFFA rəhbərliyinin gəlişindən nəyəsə ümidlisiniz? Şəxsən sizin Rövşən Nəcəfdən, Sərxan Hacıyevdən hər hansı bir görüşünüz olub? 

Bu gün federasiya bütün klublara bərabər şəkildə yanaşır. Məsələn, sonuncu yeri tutan komanda ən yaxşı iş görən klublardan biridi. Söhbət aşağı yaş qruplarından, oyunçu yetişdirməkdən gedir. Amma yenə də I Liqaya getdilər. Son iki ildir hər kəsə eyni səviyyədə yanaşılır. Dövlət hamı üçün eyni vəsait ayırır. Gerisi klubların özünə qalıb. Kim sponsor tapırsa, düzgün iş görürsə, daha uğurlu çıxış edir. Bəli, bu barədə AFFA ilə danışıqlarımız olur. Əsas məqsədimiz mövcüd akademiyada normal işlərin görülməsidir. Akademiya ötən ildən istifadəyə verilsə də, işlər tam olaraq formalaşmayıb. Bunun üçün ciddi maliyyə ayrılmalıdır. Ki, yaxın gələcəkdə yeni futbolçular yetişsin. Ümumiyyətlə, bu gün sponsorsuz komandanın Premyer Liqada iştirak etməsi çətin yox, möcüzəyə bərabərdir. Çünki ayrılan vəsaitdən vergi və digər xərcləri çıxandan sonra əlimizdə 1,5 milyon manat qalır. Bu məbləğlə mübarizə aparmaq çox çətindir. 

– Maliyyə durumu belə davam etsə, azarkeşlərə “Kəpəz”in növbəti mövsüm də Premyer Liqada qalacağına söz verə bilərsiniz? Yoxsa bıçaq sümüyə dirənib…

Ötən mövsümün sonu da vəziyyət belə idi. Amma hər bir şeyimizi ortaya qoyub məqsədimizə çatdıq. Burada hər bir kəsin böyük əməyi var. Ancaq görünən odur ki, çətinlik davam edir. Yenə yaxşı heyət formalaşdırmaq lazımdır. Bu da riskdir. Nə qədər ki, sponsor yoxdur bu, hardasa “qırılacaq”. Çünki əlavə dəstək olmasa, irəli getmək mümkün deyil.

– Növbəti mövsüm “Kəpəz” formasını geyinəcək konkret hansı futbolçuların adlarını çəkə bilərsiniz?

Elçin Əlicanov artıq klubdan ayrılıb. Ötən mövsümün ən yaxşılarından biri idi. Adama Niane də baş məşqçinin planların daxil deyil. Digər oyunçularla isə danışıq gedir. Nə dərəcə alınıb-alınmayacağını zaman göstərəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43