23 İyun 2026
Ölkə futbolu

“Qarabağ”ın oyununa görə sabah metro gücləndirilmiş rejimdə işləyəcək

İyulun 30-da “Bakı Metropoliteni” QSC-nin iş rejimində “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”la cavab oyunu ilə əlaqədar dəyişikliklər ediləcək.

İdmanxeber.az-ın “Bakı Metropoliteni”nə istinadən verdiyi məlumata görə, oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.

“Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin arena istiqamətində yönləndirilmələri, səmti düzgün müəyyən etmələri, həmçinin təhlükəsiz və rahat daşınmaları üçün əlavə tədbirlər görüləcək.

Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı Metropoliteninin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmləri gücləndiriləcək. Stansiyada əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.

Nəzarət tədbirləri “Nərimanov” və “28 May” stansiyalarında da nəzərdə tutulur.

Metropoliten xətlərində qatarlar hərəkətini yay qrafikinə uyğun davam etdirəcək. Lakin xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, sözügedən matç iyulun 30-da saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43