UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu başa çatdıqdan sonra “Qarabağ”ın turnirdən əldə edəcəyi maliyyə gəlirləri dəqiqləşib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasında iştirakına görə 18 620 000 EUR (37 000 000 ₼) qazanıb. Komandanın turnirdə əldə etdiyi 3 qələbə üçün 6 300 000 EUR (12 540 000 ₼), 1 heç-heçə üçün isə 700 000 EUR (1 390 000 ₼) mükafat ayrılıb.
Bundan əlavə, 23 bərabərliyə görə bölüşdürülən bonusdan “Qarabağ”ın payına 399 173 EUR (795 000 ₼) düşüb.
Turnir cədvəlində ən azı 26-cı yeri təmin edən Azərbaycan çempionu sıralamaya görə 3 025 000 EUR (6 020 000 ₼) gəlir əldə edib. Klubun bazar dəyərinə görə ayrılan pay 960 000 EUR (1 910 000 ₼), UEFA-nın 10 illik əmsal reytinqinə əsasən isə 1 600 000 EUR ( 3 180 000 ₼) təşkil edir.
Beləliklə, “Qarabağ”ın hazırkı mərhələyə qədər ümumi qazancı 31 604 173 EUR (63 000 000 ₼) olub. Qeyd edək ki, bu məbləğə hələ reklam və televiziya gəlirləri daxil deyil.
Bundan başqa, Ağdam klubu pley-off mərhələsinə yüksəldiyi təqdirdə əlavə mükafatlar da əldə edə bilər. Komanda 17–24-cü yerlər arasında pley-offa çıxarsa 1 000 000 EUR (1 990 000 ₼), 9–16-cı yerlər arasında qərarlaşarsa 2 000 000 EUR (≈ 3 980 000 ₼) bonus qazanacaq.
Həmçinin, sıralamada 26-cı yerdən hər pillə yüksəlişə görə 275 000 EUR ( 547 000 ₼) əlavə mükafat nəzərdə tutulur.
“Qarabağ” 1/8 final mərhələsinə yüksələcəyi halda isə klubun hesabına 11 000 000 EUR ( 21 890 000 ₼) da əlavə olunacaq.

