Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Xorvatiya mətbuatına açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı hücumçu yanvardan bu yana komandada bəzi yeniliklər olduğunu bildirib:
“İlk növbədə baş məşqçi və heyət dəyişib. Təbii ki, çoxlu tanış simalar və köhnə oyunçular var. Lakin yeni istedadlı oyunçular da çoxdur”.
İlin əvvəlində icarə əsasında Türkiyə “Konyaspor”una keçməsinə toxunan forvard bu məsələdə “Dinamo”nun sabiq baş məşqçisi Ante Çaçinin rolu olduğunu gizlətməyib:
“Başqaları – azarkeşlər, media sənin haqqında müsbət fikir bildirə bilər. Amma əsas baş məşqçinin düşüncələridir. Həmin vaxt Çaçinin planlarına daxil olmadığım üçün icarə əsasında hansısa komandaya getməyə qərar verdim. Çünki oyun praktikası hər bir futbolçu üçün önəmlidir”.
“Konyaspor”dakı çıxışını dəyərləndirən futbolçunun sözlərinə görə, daha yaxşısını etmək olardı:
“Mən ora gedəndə yeni baş məşqçi gəlmişdi, klub çətin vəziyyətdə idi, uzun müddət qələbə qazana bilmirdi. Təlim-məşq toplanışı keçməmişdim. Bu səbəbdən komanda yoldaşlarımı yaxşı tanımırdım. Superliqa həqiqətən güclü və rəqabətlidir. Çox oynasam və daha yaxşı statistikaya sahib olsaydım, lap xoşbəxt olardım. Mövsümün sonunda hər şey qaydasına düşməyə başladı. Ümumiyyətlə, həyatımda heç nəyə görə peşman deyiləm. Bütün bunlar məni nəinki daha yaxşı və güclü oyunçu, həm də insan edən təcrübədir”.
O, Zaqreb klubunun təlim-məşq toplanışına vaxtından əvvəl qayıtmasının səbəbini də açıqlayıb: “Qısa məzuniyyətim var idi. Toplanışa mümkün qədər tez qoşulmaq istəyirdim ki, yeni baş məşqçi İqor Bişçan məni, məni tanıya bilsin. O, keçmiş futbolçu, indi isə böyük məşqçidir. Bundan əlavə, klubun əfsanəsi, parlaq karyerası olan oyunçudur. Ona böyük hörmətim var. Oyunçuları başa düşür və bu, bizə çox kömək edir. Məşqlər çətin, eyni zamanda əyləncəlidir. Topla çox işləyirik. Mən də hamı kimi onun futbola baxışından və məşqindən razıyam. Ümid edirəm ki, hazırlıqdan sonra məşqçinin bütün istəklərini mümkün qədər yaxşı başa düşəcəyik. O, bizdən sürətli, aqressiv oyun və hücum futbolu tələb edir”.

