Kateqoriyasız

“Qəbələ”də daha 3 ayrılıq: legionerlər də getdi

“Qəbələ” üç futbolçu ilə yollarını ayırıb. İdmanxeber.az-ın məlumatına görə, bunlar Stiven Monroz, Lalavele Atakora və Sabien Lilaydır. Legionerlər növbəti mövsümdən “qırmızı-qara” formada çıxış etməyəcəklər.

2017-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Monroz iki mövsüm ərzində komandamızın heyətində keçirdiyi 62 matçda 20 qol vurub. O, Premyer Liqada 47 (15 qol), Azərbaycan kubokunda 9 (3 qol), UEFA Avropa Liqasında 6 (2) qarşılaşmada iştirak edib. 29 yaşlı fransalı hücumçu “Qəbələ”də Premyer Liqanın gümüş mükafatını qazanıb, kubokun qalibi və finalçısı olub.

2018-ci ilin yayında komandaya qoşulan Atakora və Lilay “Qəbələ”də bir mövsüm keçirib. Onların hər ikisi 29 matça çıxıb ki, bunlardan 23-ü çempionat, 4-ü kubok, 2-si UEFA Avropa Liqasına təsadüf edib. Atakoranın hesabında Premyer Liqada vurulan bir qol var. Atakora və Lilay Azərbaycan kubokunun qalibi olublar.

“Qəbələ” İdman Klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43