Milli komanda

Samir Əliyev: “Təcrübəli futbolçular olsaydı, daha yaxşı nəticə əldə edərdik”

“Təcrübəli futbolçularla mübarizə aparsaydıq, daha yaxşı nəticə əldə edə bilərdik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev AFFA-nın rəsmi saytına müsahibəsində deyib.

43 yaşlı mütəxəssis turnirdəki komandaların çox güclü olduğunu bildirib. “Bizimlə oyundan sonra Mərakeş komandasının üzvü “Trabzonspor”a transfer olundu. Hər bir komanda üstün futbol oynayırdı. Biz isə əsasən mübarizə aparırdıq. Rəqibləri təhlil etmişdik, zəif və güclü tərəflərini tam öyrənmişdik. Oyunumuzu daha çox müdafiədən qururduq. Açıq futbol oynsaydıq, hesablar daha fərqli olardı”.

Əliyev qrupdakı ilk matçda hakimin yalnış qərarına görə Səudiyyə Ərəbistanına uduzduqlarını söyləyib: “İlk oyunumuz idi deyə, bütün gücümüzü ortaya qoyduq. Düzdür, nisbi üstünlük rəqib komandada olsa da, yaxşı oynadıq. Təəssüf ki, son saniyələrdə qapımıza olmayan penalti təyin olundu və məğlub olduq. Hakim qarışıqlıq zamanı səsə aldanıb 11 metrlik cərimə zərbəsi təyin etdi. İkinci oyunda İran yığması ilə qarşılaşmalı idik. Məndə olan məlumata görə klublar əsas oyunçularını milliyə buraxmadıqları üçün İran komandası son anda turnirdən iştirakdan imtina etdi. Belə demək mümkünsə, bəxtimiz gətirdi. İran yığması gəlsəydi, təqvimimiz daha sıx olacaqdı. Onlar gəlmədi deyə, komanda olaraq daha çox istirahət etmək, növbəti oyuna daha yaxşı hazırlaşmaq imkanı qazandıq. Qrupun son qarşılaşmasında yarımfinala vəsiqə qazanmaq üçün heç-heçə bizi qane edirdi. Ancaq Mərakeşlə yığması ilə oyundan əvvəl futbolçulara tapşırdım ki, əgər heç-heçə üçün meydana çıxsaq, məğlub olacağıq. Qalib gəlməyin vacib olduğunu bildirdim. Oyun ərzində əldə etdiyimiz imkanları dəyərləndirib qollar vurduq. Təəssüf ki, yenə oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində qapımızdan qol buraxdıq. Çox istərdik qələbə ilə yarımfinala vəsiqə qazanaq, amma olmadı. Əsas odur ki, qrupdan çıxdıq”.

Baş məşqçi yarımfinaldakı rəqibləri Türkiyə seçməsinin yarışın əsas favoritlərindən biri olduğunu xatırladıb: “Onlar həm meydan sahibi idi, həm də heyəti güclü futbolçulardan formalaşdı. Yarımfinal oyununda heyətdə 7-8 əvəzetmə edib hamının oynaması üçün şərait yaratdıq. Təəssüf ki, minimal hesabla məğlub olduq”.

Mütəxəssis bürünc medal uğrunda qarşılaşmada penaltilər seriyasında qalib gəldikləri Əlcəzair yığması haqqında da danışıb: “Təqvimi sıx olan turnirlərdə bir gündən bir oyun keçirmək asan deyil. Komanda funksional cəhətdən çox hazırlıqlı olmalıdır. İki eyni səviyyədə heyətə malik olmalısan ki, stabil oyun oynaya biləsən. Əlimizdəki imkanlarla maksimum rotasiya etməyə çalışırdıq. Əlcəzair də yarımfinalda ağır oyun keçirmişdi. Yorğun olacaqlarını bilirdik. Bərabər səviyyəli oyun keçdi. Hər iki komandanın qol vurmaq imkanları oldu. Buna baxmayaraq, hesab açılmadı. Penalti zərbələrini daha dəqiq yetirdik və turnirin bürünc medallarını qazandıq. Etiraf edək ki, Türkiyəyə yollananda nəticə əldə edəcəyimizə ümidimiz az idi. Çünki daha əvvəl də dediyim kimi, istədiyimiz heyəti apara bilməmişdik. Turnirdən öncə komanda ilə iclasda hər bir futbolçuya şans verəcəyimi bildirmişdim. Avqustun 1-də toplaşmalı idik, ancaq müxtəlif səbəblərdən bir gün sonra biraraya gəldik. Cəmi 7 məşq keçmək imkanımız oldu. Onun da ikisində əsasən standart vəziyyətlər üzərində çalışdıq”.

Əliyev qarşılaşmaların gündüz saatlarına və havanın isti vaxtına salınmasına münasibət bildirib: “Bu cür kütləvi yarışlarda təşkilatı işlərdə müəyyən problemlərin olması normaldır. Təqvimin sıx olması və oyunların gündüz saatlarında keçirilməsini çatışmazlıq kimi qeyd edə bilərəm”.

Baş məşqçi son olaraq bu turnirin U-21 seçməsinə faydalı olacağını deyib: “Biz digər komandalarla müqayisədə çox gənc heyətlə mübarizə apardıq. Gənc futbolçularla nəticə qazandıq. Bu uşaqların çoxu növbəti seçmə mərhələ üçün U-21-ə namizəd futbolçulardır. Onların hansı vəziyyətdə olduqlarını, nə kimi çatışmazlıqları olduğunu gördük. Dediyim kimi, həm gənc futbolçular, həm də biz məşqçilər üçün yaxşı təcrübə oldu. Klublara və məşqçilərə hazırlıqlı futbolçular göndərdikləri üçün təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43