“Qorxaq yox, ehtiyatlı futbol oynayacayıq. Bəzi futbolçular təəssüf ki, bunları qarışdırırlar”.
İdmanxeber.az xəbər verir ki, bunu “Kəpəz”də baş məşqçisi səlahiyyətlərini icra edən Xaliq Mərdanov “Qarabağ”a qarşı keçirəcəkləri Misli Premyer Liqasının 5-ci tur oyunundan əvvəl klubun rəsmi saytına açıqlamasında deyib.
O, rəqibin həddindən artıq güclü olduğunu bildirib:
“Digər klublardan fərqli futbol oynayırlar və Avropa futbolu nümayiş etdirirlər. Biz də çalışacağıq ki, əlimizdən gələni edək, rəqibə qarşı oyun nümayiş etdirə bilək. Əlimizi-qolumuzu yanımıza sallamayacağıq”.
Mərdanov görüşə itkilərlə çıxacaqlarını xatırladıb:
“Həm zədəli, həm də cəzalı futbolçularımız bizə kömək edə bilməyəcək. Qarşılaşmaya hazırlığımız yaxşı keçib. İlk günlər uşaqların əhval-ruhiyyəsi aşağı səviyyədə idi. Məğlubiyyətlərdən dolayı üzərlərində təzyiq vardı. Onlara motivasiya verməyə çalışdıq. İndi durumları daha yaxşıdır”.
Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.

