25 Noyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın davranışını Lunyova təzyiq hesab edirik” 

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov Rusiya mətbuatına müsahibə verib.

Agent qolkiperin Ağdam təmsilçisindən 600 min avro maaş istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

– Azərbaycanın ən böyük idman portalında bu paylaşımı gördük. Bu məlumatları çaşqınlıqla oxuduq, çünki paylaşımdakı məlumat məxfidir. Aydın məsələdir ki, məlumatı “Qarabağ”dan olan şəxslər məhz belə təqdim ediblər. Bu isə futbolçunun klub ilə danışıqlar prosesi zamanı bizim üçün qəribə və qəbuledilməzdir.

– Andrey Azərbaycan mətbuatının yazdığı kimi 600 min avro istəyir?

– “Qarabağ”dan mətbuata məlumatı sızdıran insanlardan fərqli olaraq, rəqəm verməyi etik saymıram. Danışıqlar səssizliyi sevir. Klubdan kiminsə bunu niyə etdiyini başa düşmək istəyərdim, çünki bu cür davranışlar Andreyin qalmasına dəqiq kömək etməyəcək. Bir nüansı izah etməyi vacib hesab edirəm. Lunyov “Qarabağ”a gələndə maaşı əvvəldən ciddi şəkildə aşağı idi. Klubun özünün də bunu etiraf etməsi vacibdir, onlar mövqeyini Andreyin səhhəti ilə əsaslandırırdı, çünki o son 2 ildə çoxlu sayda zədə almışdı. Bir detalı da danışım: 2023-cü ilin qışında, Lunyov hələ “Bayer”də olarkən, “Qarabağ” ona yekunda ötən ilin avqustunda razılaşdığı məvacibin 2,5 qatını təklif edirdi. Müqavilə imzalayanda klubla belə danışdıq ki, Andrey öz səviyyəsində olan futbolçu üçün daha aşağı maaşa razılaşır. Eyni zamanda, razılığa gəldik ki, Lunyovun səhhəti ilə bağlı problemi yaranmasa və klubun yaxşı nəticələr qazanmasına kömək etmək üçün yüksək səviyyədə oynasa, 2023-cü ilin sonunda məvacibi artırlacaq.

– Yekunda müqavilənin şərtlərinə yenidən baxıldı?

– Hazırkı vəziyyətə görə klub Andreyin maaşını artırmayıb, əvvəlki kimi qalır. Yanvar-fevral aylarında “Qarabağ” daha yüksək məvaciblə müqavilənin uzadılması ilə bağlı təklif irəli sürdü, lakin şərtlər uyğun deyildi. Lunyov daim həqiqətən layiq olduğundan az pul alsa da, rəhbərliyin yanına getməyib, daha çox maaş istəməyib. Andreyin öz dəyərini sübut etdiyini, bu mövsüm komandanın uğurlarının vacib pay sahiblərindən birinə çevrildiyini və məvacibinin artırılmasına layiq olduğunu hesab edirik. Üstəlik, başqa agentlərdən Lunyov üçün aldığım təkliflərə əsasən görürük ki, digər klublar onun səviyyəsini “Qarabağ”la müqayisədə bir neçə dəfə artıq qiymətləndirir. Andreyin 32 yaşı var, ona tələbat böyükdür. Yüksək səviyyədə çıxış edir və düşünürük ki, daha yaxşı maaşa layiqdir. Burada qəribə heç nə yoxdur və klub buna neqativ yanaşmamalıdır. Qeyd edim ki, bizim “Qarabağ”a qarşı şərtlərimiz tam məqbuldur və həddindən artıq deyil. Təkrar edirəm, klubdan olan insanların bu cür davranışları bizim üçün anlaşılmazdır. Təklifimizə cavab vermək əvəzinə mətbuata məxfi məlumatları açıqlayır, rəqəmlər verirlər. Bunu oyunçuya təzyiq hesab edirik. Söhbət biz tərəfdən Lunyovun maaşının 3 qat artırılmasından getmir. Hərçənd Andrey bu pula həqiqətən layiqdir və klubun riskləri olmasa idi, sözügedən məvacibi almalı idi. Biz yerinə yetirilə bilən və məqbul şərtlər irəli sürdük. Andrey özünü layiqincə aparır, ona daim maraq yaransa da, başqa klublarla danışıqlar aparmır. Fikrini yalnız futbola yönəldib və rəhbərliyin yanına gedib daha çox pul tələb etmir, ultimatumlar qoymur.

– Lunyovun növbəti mövsümü başqa klubda keçirmək ehtimalı var?

– “Qarabağ”a hörmətlə yanaşır və danışıqlara açığıq. Amma klub bundan sonra da cari mövsüm uğurlarında ciddi pay sahibi olan futbolçusuna qarşı bu cür davransa və mətbuat vasitəsilə danışıqlar prosesinin detallarını açıqlasa, Andreyin karyerasını başqa komandada davam etdirmək variantını ciddi şəkildə nəzərdən keçirəcəyik. (Football.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43