İdman

Güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının iştirakçıları müdafiə naziri ilə görüşüb

Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilmiş güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında medal qazanan idmançılar və onların məşqçiləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşüb.

İdmanxeber.com xəbər verir ki, Müdafiə naziri qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançılara, məşqçilərə və mütəxəssislərə təbriklərini çatdırıb. Hərbi idmançılarımızın bu uğurunu yüksək qiymətləndirən nazir Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu qeyd edərək qələbədə əməyi olanları təbrik edib. Nazir ordumuzda idmanın inkişafı üçün geniş imkanların, lazımi şəraitin olduğunu, eləcə də yeni inşa edilən hərbi şəhərciklərdə müasir idman komplekslərinin tikildiyini xatırladaraq, bundan sonra da Silahlı Qüvvələrdə idmana daha çox diqqət ayrılacağını bildirib.
Gələcəkdə keçiriləcək beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməyi hərbi qulluqçulara arzu edən müdafiə naziri çempionatda yüksək nəticələr göstərmiş idmançıları və məşqçiləri təltif edib və qiymətli hədiyyələrlə mükafatlandırıb.
Sonda xatirə fotosu çəkilib.
Xatırladaq ki, sentyabrın 19-dan 25-dək Makedoniya Respublikasının paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma növləri üzrə güləş komandaları təmsil ediblər.
4 qitədən, 35 ölkədən, 300-dən çox idmançının iştirak etdiyi çempionatda Azərbaycan təmsilçiləri 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar.
Ümumi komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vuran yığmamız çempionatın kubokuna layiq görülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43