“Turan Tovuz” ev oyunlarını Bakıda keçirəcək.
İdmanxeber.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, bölgə təmsilçisinin ev matçlarını keçirdiyi stadionla bağlı qərar qəbul edilib.
Məlumata görə, “Turan Tovuz”un ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda aparılan bütün bərpa və baxım işlərinə baxmayaraq, bölgədə müşahidə olunan yağıntılı və qeyri-sabit hava şəraiti səbəbindən arenanın ot örtüyünü oyunların keçirilməsi üçün hazır vəziyyətə gətirmək mümkün olmayıb. “Turan Tovuz”un müraciəti əsasında stadiondakı vəziyyət PFL tərəfindən analiz olunub və müvafiq addımlar atılıb. Belə ki, “Turan Tovuz”un müraciəti və “Qarabağ”ın razılığını nəzərə alaraq, PFL Tovuz klubunun ev oyunlarının “Azersun Arena”da keçirilməsi barədə qərar qəbul edib.
Eyni zamanda, ardıcıl matç və məşqlər qrafikinə uyğun olaraq, “Azersun Arena”nın həddindən artıq yüklənməsi və meydana çıxması real görünən problemin qarşısını almaq məqsədilə Misli Premyer Liqasının 17-ci turu çərçivəsində, 25.01.2026-cı il tarixində keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili qərara alınıb. Həmin qarşılaşmadan sonra “Turan Tovuz” Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində nəzərdə tutulan ev görüşlərini “Azersun Arena”da keçirməyə başlayacaq.
Klubun Tovuz şəhər stadionuna qayıdışı 20-22 mart 2026-cı il tarixlərində keçiriləcək Misli Premyer Liqasının 25-ci tur oyununa planlaşdırılır. Bununla belə, sözügedən matçdan əvvəl PFL-in işçi qrupunun iştirakı ilə stadionda test xarakterli oyun keçiriləcək. Test oyunu zamanı aparılacaq müşahidələrin nəticələrinə əsasən stadionla bağlı yekun qərar veriləcək və növbəti addımlar atılacaq.
Açıqlanmış matçların başlama saatları ilə bağlı hər hansı dəyişiklik olmayacaq.

