Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb. Komandamız səfərdə Cəbəllitariq yığmasını 1:0 hesabı ilə məğlub edib. Matçın yeganə qoluna “Neftçi”nin gənc futbolçusu Murad Məmmədov imza atıb.
Görüşdən sonra qolun müəllifi İdmanxeber.az-a müsahibə verərək həm qələbəni dəyərləndirib, həm də U-21-in mövsümdəki çıxışı, limit məsələsi və gənc oyunçuların inkişafı barədə fikirlərini bölüşüb.
– Qrupdakı ilk qələbəni necə dəyərləndirirsən?
— Bu qələbəyə layiq idik. Uzun müddətdir çalışırdıq ki, qrupda ilk 3 xalımızı qazanaq. Şükürlər olsun, nəhayət istəyimizə çatdıq. Hamımız çox motivasiyalı idik və komanda olaraq bu nəticəni çoxdan haqq edirdik. Əsas məqsədimiz 3 xal idi və bunu əldə etdik. Bu nəticə həm kollektiv ruhumuzu, həm də gələcək oyunlara inamımızı artırdı.
– Bir çoxları Cəbəllitariq üzərində asan qələbə gözləyirdi. Amma meydanda vəziyyət fərqli oldu. Səbəb nə idi?
— Çöldən baxanda rəqibin zəif göründüyü fikri yarana bilər, amma səfərdəki bütün oyunlar çətin keçir. Burada stadion və meydança amili çox böyük rol oynadı. Meydança o qədər pis durumda idi ki, sanki taxtanın üstündə oynayırdıq. Topun istiqamətini idarə etmək, driblinq etmək, ötürmə vermək çox çətin idi. Ayağımız sürüşürdü, topla davranış normal alınmırdı. Bunlar bəhanə deyil, sadəcə real vəziyyət idi. Buna baxmayaraq, komanda xarakter göstərdi və qalib gələ bildik.
– Sanki qrupda yalnız Cəbəllitariqə qarşı güclü görünürük. Digər komandalar bizdən üstündür?
— Mən belə düşünmürəm. Ümumiyyətlə, bütün rəqiblərlə oynaya biləcək gücdəyik. Bolqarıstan və Şotlandiya kimi komandalarla matçlarda çox yaxşı performans göstərdik. Hər iki oyunda qələbəni əldən verdik, halbuki o matçlarda 3 xala daha yaxın idik. Qarşıdakı oyunlarda maksimum nəticə toplamaq üçün əlimizdən gələni edəcəyik.
– “Neftçi”də bu mövsüm az oynayırsan. Bu qoldan sonra vəziyyətin dəyişəcəyini düşünürsən?
— Mən hər zaman məşq edirəm, üzərimdə çalışıram. Verilən hər dəqiqənin qədrini bilirəm və onu ən yaxşı şəkildə dəyərləndirməyə çalışıram. Futbolda bəzən 5 dəqiqə, bəzən 10 dəqiqə şans olur, amma əsas odur ki, həmin fürsəti dəyərləndirə biləsən. Qol vurmaq və komandaya faydalı olmaq istəyi məndə həmişə olub. Ümid edirəm ki, bu qoldan sonra daha çox şans əldə edərəm və hədəfim azarkeşlərimizi daha çox sevindirməkdir.
– Legioner limitinin ləğvi çox müzakirə olunur. Bu qərarın yerli futbolçular üçün çətinlik yaratdığı deyilir. Sən necə düşünürsən?
— Bəli, bu, gənc futbolçular üçün çətinlik yaradır. Çünki çempionata çox təcrübəli və səviyyəli legionerlər gəlir. Amma biz gənclər üçün bu, həm də motivasiya olmalıdır. Onlardan öyrənməliyik, rəqabətə girməliyik və özümüzü göstərməliyik. Mən şəxsən rəqabətə hazıram. Daha çox çalışaraq oynamaq üçün mübarizə aparacağıq. Peşəkar futbolda rəqabəti qazanmalısan ki, meydanda olasan.
– Avropada 20–21 yaşlı futbolçular artıq yüksək səviyyədə çıxış edir. Bizim gənclər niyə onlardan geri qalır?
— Məncə, biz də onlardan geri qalmırıq. Azərbaycanda çox potensiallı gənclər var. Sadəcə, fasiləsiz və doğru inkişaf proqramı lazımdır. Tapşırıqları düzgün yerinə yetirmək, mütəmadi oyun praktikası qazanmaq və özün üzərində daha çox çalışmaq lazımdır. Bunlar olanda nəticə də gələcək. Mən inanıram ki, vaxt keçdikcə bizim gənclər də Avropadakı gənclər kimi yüksək səviyyədə oynayacaqlar. Hətta onlardan daha yaxşı ola biləcək futbolçularımız var.
Həsən Quluzadə

