Kateqoriyasız

“Çempionluq uğrunda sona qədər mübarizə aparacağıq”

Premyer Liqanın 14-cü turunda “Sabah”a 2:0 hesabı ilə qalib gələn “Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko oyundan sonra jurnalistlərə müsahibə verib.

Braziliyalı futbolçu qələbəni şərh edib:

– Çətin səfər oyunu idi. Belə olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Qolları vaxtında vurub, vacib qələbə qazandıq. “Qarabağ”la xal fərqini 6-ya endirdik. Nümayiş etdirmək istədik ki, çempionluq uğrunda sona qədər mübarizə aparacağıq.

– “Qarabağ”ı keçəcək gücdəsiniz?
– Əlbəttə, “Neftçi” kifayət qədər potensialı olan komandadır. Hər mövqeyində güclü oyunçular var. Komandada güclü rəqabət var və bu da kollektivə kömək edir. Ötən illə müqayisə etsək, “Qarabağ”dan 5 xal irəlidə idik. Qış fasiləsindən sonra “Qarabağ” bu fərqi aradan qaldırıb, çempion oldu. Bu il hər şey ola bilər, sona qədər mübarizə aparacağıq.

– Yayda göstərdiyin oyunla komandada lider futbolçu olacağın gözlənilirdi. İndi heç heyətə düşə bilmirsən. Azarkeşlər də səni tənqid edir.
– Deməzdim ki, komandaya xeyrim dəymir. Bəzi oyunlarda istədiyimi edə bilmirəm. Bəzən yaxşı oynamasam da, komandanın qələbəsində rol oynayıram. Əsas komandanın nəticədir. Bunun üçün çalışıram.

– Ötən qış gözlənilmədən “Neftçi”dən ayrıldın. Yenə bunu edə bilərsən?
– Futbol dinamik oyundur. Nəinki Azərbaycanda, dünyanın hər nöqtəsində futbolçu maddi cəhətdən yaxşı təklif gələndə bunu dəyərləndirmək istəyir. Keçən il belə oldu və mən də dəyərləndirib, getdim.

– Qarşıda “Sumqayıt”la kubok görüşünüz var. Mövsümün bu hissəsində əcnəbi oyunçular tətil əhval-ruhiyyəsində olur. Bu, sizə “Sumqayıt”la oyuna köklənməyə problem yaratmaz?
– Bu elə bir şeydir ki, hər kəs özünə cavabdehdir. Peşəkar klubun üzvləriyik. Sona kimi peşəkar davranıb, matçlara ciddi yanaşmalıyıq. Növbəti mərhələyə yüksəldikdən sonra istirahəti düşünmək olar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43