Kateqoriyasız

Uçurumun dibində

Uğursuz idarəçilik fonunda qış fasiləsinə sonuncu pillədən yalnız bir xal üstün yollanan “Sabah”da vəziyyət heç də ürəkaçan deyil. İddiası özündən böyük olan klubun səriştəsiz rəhbərliyinin səyləri nəticəsində komanda 14 oyundan sonra cəmi 13 xal toplaya bilib. Kİ, bu da büdcəsi digər klublarımızdan çox olan, legionerlərə yüksək məvacib verən komanda üçün sadəcə bərbad göstəricidi.

Çox uzağa getmədən ötən günə qayıdaq… Xorvat Jelko Sopiçin təyinatından sonra çalışdırıcı bilməyərəkdən “Neftçi” yenilgisinin ardından səriştəsiz rəhbərliyin transferlərinin nə dərəcədə biabırçı olmasını dilə gətirdi. O, “Oyuna baxanda siz özünüz də görürsüz. Mən kluba gələrkən mənə dedilər ki, filan futbolçular yüksək səviyyədədi.  Bilmirəm, bəlkə mən axmağam, ya nədi məsələ” – açıqlamasını verdi.

Artıq Sopiç “Sabah”da ilk yalan vədlə üz-üzə qaldığını anladı. Strategiyası bəlli kimi görünən, yalnız mövcud durumu iddialarından uzaq olan komandanın transfer siyasətinə lazımı qiyməti elə öz içindəki biri – baş məşqçisi verdi.

Bu açıqlamasına görə ona bəlkə də xəbərdarlıq ediləcək. Bəlkə də Sopiç növbəti açıqlamalarında fikrinin haçalandığını, yozulduğunu bildirəcək. Ancaq bu “Sabah”la bağlı acı reallığı, bərbad statistikanı dəyişməyəcək. Fakt faktlığında qalır ki, yay transfer dönəmində komandaya cəlb olunan futbolçular – xüsusən də legionerlər “Sabah”ın gücünə güc qata bilmədi və nəticə bir yana, komanda oyun baxımdan da ümid vermədi/vermir.

Baş məşqçinin açıqlamasının ardından “Sabah”ın legioneri də giley-güzar edir. Söhbət bəh-bəhlə transfer edilən Roxas Rocerdən gedir. Honduraslı forvard da, narazıdı. Ancaq o, Jelko Sopiçin ona az şans verməsindən narazıdı. Roceri dinləyək:

“Mən boynuma alıram ki, hücumçu oynamalıdır. Məsələn, bir görüşdə 5 dəqiqə, digərində 30 dəqiqə meydanda olmuşam. Nə deyim, bu, məşqçinin seçimidir”.

Göründüyü kimi, komandada az qala hər kəs uğursuzluqu bu və digər şəxslərin üzərinə atır. Məşqçi futbolçulardan, futbolçular məşqçidən narazıdı. Nəticələrdən birbaşa cavabdeh şəxslər isə hələlik susur. Çünki danışılası söz yox, bəhanələr isə tükənib. Məsələnin görünən tərəfi budur ki, komandada əsl xaos hökm sürür.

Böyük pulların dövr etdiyi klubda nələrin baş verdiyi isə hələlik sual olaraq qalır. Ancaq komandanın uçurumun dibində olduğu bir faktdır.

“Sabah” rəhbərliyinin qış transfer pəncərəsində səhvlərini düzəltmək kimi bir şansı var. İkinci bir səhv klubu da, səhv edənləri də uçuruma sürükləyəcək.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43