İdman

Lənkəran stadionunun qazonu sıradan çıxdı – Günahkar kimdir?

Lənkəran Şəhər Mərkəzi stadionunun qazonları sıradan çıxıb. 

İdmanxeber.com-un məlumatına görə, stadion rəhbərliyi buna səbəb kimi Lənkəranda yerləşən yarımstansiyada aparılan təmir işləri zamanı Azərişıq təhlükəsizlik qaydalarına riayət etməməməsini göstərir.

Şirkət təmir zamanı “Xəzər Lənkəran”a məxsus stadiona gedən xüsusi xətti zədələyib bə 3 gün ərzində stadion işıqsız qalıb. Bu səbəbdən ot örtüyünün suvarılma prosesində problemlər meydana gəlib və qazonlar sıradan çıxıb.

Lənkəran regional Elektrik İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, stadionun Azərişığa 3400 manat borcu var: “Stadionun bizə 3400 manat borcu var. İşıq məsələsinə gəlincə, bütün ölkədə işıq olmayanda orda da olmayıb”.

Stadionun xüsusi xəttinin təhlükəsizlik qaydalarının pozulması üzündən sıradan çıxması ilə bağlı iddialara isə qurum rəsmisi cavab verməyib.

Stadionun mətbuat xidmətindən verilən məlumatda isə bildirilir ki, bu qədər borc yoxdur: “Bizim o qədər borcumuz yoxdur. Hər ay işıq üçün lazım olan pulu ödəyirik. Sadəcə bu məsələdə onlar borcu bəhanə gətirərək fikri yayındırmaq istəyirlər. Gətirsinlər yazılı şəkildə bizə göstərsinlər borcumuz var. Bütün çeklər əlimizdədir və onlara sübut edə bilərik. Problemi yaradan isə hansısa tikinti şirkətidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43